Azərbaycan həmişə şahmat ölkəsi kimi tanınıb. Bu sahəyə vaxtilə xüsusi diqqət olsa da, hazırda durum bərbaddır. Bunun nəticəsidir ki, son illərdə xüsusi istedadı ilə seçilən yeni nəsil şahmatçılar yetişmir.
Hazırda 3-4 uğurlu şahmatçımız var ki, bunlara da aidiyyatı qurumlar diqqət ayırmır. Zaman-zaman diqqətsizlikdən gileylənən iti zəka sahibləri problemlərini sosial media hesablarında ictimaiyyətə çatdırırlar. Həqiqətən öz hesablarına hazırlaşmaları, turnirlərə qatılmaları xərc tələb edir. Sirr deyil ki, digər idman növlərində sıradan bir yarışın qalibi olanlara iri şirkətlər yönləndirilir, böyük məbləğli mükafatlar verilir.
Bəs niyə ölkəmizdə ənənəsi olan şahmata dırnaqarası yanaşılır?
Təbii ki, dövlət bu sahədə də uğurların marağındadır. Sadəcə, şahmatçılarımızın fərdi olaraq qatıldığı turnirlərdəki uğurları "yuxarılara” Azərbaycan Şahmat Federasiyasının gördüyü işlərin nəticəsi kimi çatdırılır. Yəni kənardan və "yuxarı”dan hər şey qaydasında görünsə də...
Əslində, federasiya mətbuata tamamilə qapalıdır. Telefon zənglərinə cavab veriləcək kimsə tapılmır.
Bu gün də elə oldu. Şəhriyar Məmmədyarovun məlum statusundan sonra federasiya ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı. Sonda qurumun vitse-prezidenti Faiq Həsənovla ardıcıl zənglərimizdən sonra telefon bağlantısı yarada bildik, Şəhriyarla bağlı sualımızın olduğunu söylədik. Vitse-prezidentin reaksiyası isə vəzifəsinə yaraşmayan tərzdə oldu: "Mən sizi və Fanat.Az saytını tanımıram və belə sualları telefonda cavablandırmıram. Gəlin federasiyaya görüm kimsiniz”.
Federasiyanın qocaman "zabit”ini Azərbaycanın müstəqil domendə 13 il fasiləsiz fəaliyyət göstərən ilk dövlət dilli saytını tanımamasını normal qarşılayırıq. Yaşla əlaqədar olaraq başadüşüləndi. Yaşını qeyd etməyim ironiya kimi başa düşülməsin. Yəqin ki, yenə unudub. Təxminən 1 il əvvəl Faiq müəllim federasiyanın saytı olduğunu da unutmuşdu. Fanat.Az-da dərc olunan yazılardan sonra sayta "çəki-düzən” verildi. Hətta, dünyasının dəyişmiş insanın ad-soyadını və mobil nömrəsini "Bizimlə əlaqə” bölməsində qeyd etmişdilər. Adi bu faktan qurumun mətbuata münasibətini müəyyənləşdirmək kifayyətdir. Bir ildə saytınız, aldığınız məvacib dəyişə bilər, amma mətbuata münasibət dəyişməyib. Mətbuatdan, ictimaiyyətdən gizlənməklə sözügedən problemlərdə adınızın hallanmamasını, unudulmasını istəyirsiz.
Nə deyirik ki, istəyinizə nail olmusunuz.
Bir nəfər tərəfindən dəqiq unudulmusunuz.
Allah ömür versin!
Əli Sahib