Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ və legioner statusunun aradan qaldırılmasına nail ola bilər.
Fanat.Az-ın təklifini bu dəfə futbol funksioneri Emil Şükürov şərh edib.
O, "Azərbaycanlı futbolçuların qardaş ölkədə əcnəbi statusu götürülsə, futbolumuz bundan nə qazanar" sualına belə cavab verib:
"Yerli futbolçularımızın ölkə xaricində çıxış etməsi üçün "əcnəbi" statusunun aradan qaldırılmasından daha öncə gələn amillər var. Futbolçularımızın və liqamızın digərləri ilə müqayisədə səviyyəsi, maliyyə amili, ikitərəfli münasibətlər və bundan sonra xarici ölkəyə transfer. "Youtube" ilə oyunçu bəyənmə dövrü çoxdan geridə qalıb. Ən azından yerli futbolçularımızın can atdığı liqalarda çıxış edən klublarda belədir. Müxtəlif video analitika platformalarından istifadə edib oyunçunu bir müddət izləyirlər, ondan sonra qərar verilir. Bu da təsiredici amillərdən biridir. Fərz edək ki, hər şey idealdır və Premyer Liqamızın ikinci "dördlüy"ündə çıxış edən futbolçu qardaş Türkiyə klublarının maraq dairəsinə düşür.
Analiz ediləcək məqamlar:
* İkinci "dördlük"dəki oyunçu xaricdə çıxış edəcək. Yaxşıdırsa, ilk "dördlük"dəki komandalar onu niyə transfer etməkdə maraqlı deyil?
* Bizim liqamızın ikinci "dördlüy"ündə çıxış edən futbolçu maliyyə və oyun səviyyəsinə görə Türkiyənin I Liqasına uyğun gələ bilər. Bu, subyektiv deyil, müəyyən riyazi hesablamalara əsaslanan obyektiv fikirdir.
* Türkiyənin 80 milyon əhalisi olduğu halda, bizimlə müqayisədə 8 qat daha çox futbolçusu var və aşağı liqaları yerli oyunçuları mühafizə etmək üçün tək şanslarıdır.
* Super Liqaya gəlincə, bizim oyunçular orda xarici oyunçu statusu daşımasa, bunun qarşılığını verməyimiz lazımdır. Bu halda isə fikirləşmək lazımdır ki, Türkiyənin Super Liqasında çıxış edən hansı futbolçu ən azı maliyyə şərtlərinə görə gəlib Azərbaycanda çıxış etmək istəyər? Bu, əsasən öz komandalarının əsas heyətinə düşməkdə çətinlik çəkən və ya karyerasının qürub çağını yaşayan yaşı 30+ futbolçular ola bilər.
Hər iki halda yerli oyunçuların maraqları təhlükə altına düşür: 21 yaşadək futbolçularımız onsuz da limit sayəsində oynayır, 30+ futbolçularımız isə xaricdə özünə klub tapa bilmir, ancaq yerli klublarda çıxış etməyə fokuslanır.
Yəni, əməkdaşlığın birtərəfli şəkildə olması heç bir tərəfə sərf etmir, qarşılıqlı sürətdə tətbiq edilməsi isə uyğunsuzluq yaradır. Ona görə də ilk növbədə qardaş Türkiyə ilə deyil, maliyyə və ya futbol səviyyəsinə görə bizə uyğun ola liqalarla bu cür əməkdaşlıq ətrafında müzakirə aparmalıyıq".
Röya Kərimli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol