"Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm".
Fanat.Az xəbər verir ki, bunu Norveçdə "Budyo Qlimt"ə 3:2 hesabı ilə qalib gəldikləri matçın ardından Varşava "Legiya"sının hücumçusu Mahir Emreli deyib.
Onun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra söylədiklərini klubun rəsmi "Twitter" səhifəsi belə çatdırıb:
"Gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun. Sınaq qarşılaşmalarında qollar vurmuşdum, amma rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm. Şadam ki, bunu azarkeşlərimizin gözü qarşısında edə bildim. Artıq bu oyunu unutmalı və öz meydanımızdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha baxımlı oyun göstərəcəyik.
Hər iki komandanın qol şansları oldu. Rəqib evdə oynadığından topa daha çox nəzarət edirdi. Cavab oyununda atmosfer və şərtlər tamam fərqli olacaq. İkinci görüşün ağır keçəcəyini nəzərə alsaq, həmin oyuna daha yaxşı hazırlaşmalı və meydanda bütün gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.