Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları ölkələrin reytinq sıralamasına təsirsiz ötüşməyib.
Fanat.Az xəbər verir ki, həftəiçi Çempionlar Liqası və Konfrans Liqasında baş tutan qarşılaşmaların nəticələri əsasən, əmsal sıralamasının aşağılarında qərarlaşan komandaların mövqeyində yerdəyişməyə səbəb olub. İlk "20-lik”də yalnız bir yerdəyişmə yaşanıb. 16-cı yerə yüksələn Xorvatiya Türkiyəni arxada qoyub.
Azərbaycana gəlincə, "Neftçi”nin Tbilisi "Dinamo”su üzərində qazandığı qələbə bizə 0.250 əmsal qazandırıb ki, belədə ümumi xal 12,875-ə çatıb. Bununla belə, ölkəmiz 28-ci sırada qalıb. Lakin ən yaxın izləyicimiz Sloveniya fərqi azaldıb. Cari mövsümdə təmsilçiləri 3 qələbə qazanan Balkan təmsilçisinin aktivində 12,750 xal var. Cavab görüşlərindəki bir heç-heçə Sloveniyanı ölkəmizə çatmaq, əlavə göstəricilərdə qabaqlamaq imkanı verəcək.
Mirağa