Beynəlxalq Şahmat Federasiyası(FİDE) bu il də onlayn Olimpiadanın keçiriləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, avqustun 13-dən sentyabrın 15-dək keçirilməsi nəzərdə tutulan Olimpiadada qarışıq komandalar top və daha 3 diviziona bölünəcək. Qeydiyyatdan keçən komandaların sayı 145-dən çox olsa, təsnifat xarakteri daşıyan baza divizionu da oynanılacaq.
Yığmamızın yer aldığı top divizion üzrə mübarizə 8-10 sentyabr aralığında baş tutacaq. Burada hər qrupda 10 olmaqla, 40 komanda yer alacaq. Qruplarda ən yaxşı göstəriciyə malik iki yığma 1/4 finala yüksələcək.
Qeyd edək ki, 2020-ci ildə 163 komandanın iştirakı ilə keçirilən ilk onlayn Olimpiadada Azərbaycan komandası qrupu ilk sırada başa vursa da, 1/4 finalda Polşaya uduzaraq mübarizəni dayandırıb. Finalda texniki problem yarandığından, həlledici görüşdə mübarizə aparan hər iki komanda - Rusiya və Hindistan qalib elan olunub.
Sahib Əsədbəyli