Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi" bu gün 1-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. "Ağ-qaralar” Tiflis "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Vaxtı ilə Gürcüstanda yerli "Qardabani" klubunu çalışdıran futbol mütəxəssisi Adil Mahmudov Fanat.Az-a açıqlamasında "Neftçi"nin üstünlüklərindən danışıb:
"Neftçi bu gün iki əsas üstünlükdən yararlana bilər - rəqiblə müqayisədə daha təcrübəli futbolçuların olmasından və rəqibi öz meydanında qəbul etməsindən. "Neftçi"nin baş məşqçisi Samir Abasov "Dinamo Tbilisi"nin çalışdırıcısı Kaxaber Tsxadadzenin futbol siyasətinə bələddir. Ən azı, futbolçu olaraq onun (Kaxaber Tsxadadzenin) başçılığı altında oyunlar keçirib. Bu isə əlavə məlumat olaraq "Neftçi"nin üstünlüyüdür.
Mütəxəssis rəqib komandanın heyətindəki üstünlüklərə və çatışmazlıqlara toxunub: "Dinamo" əsasən yerli və gənc futbolçulardan təşkil olunmuş bir klubdur. Heyətdə 2001-2003-cü il təvəllüdlü futbolçular üstünlük təşkil edir. Tiflis təmsilçisinin məqsədlərindən biri futbolçuları tanıtmaq və Avropaya çıxarmaqdır. Komanda meydana yalnız qələbə üçün çıxacaq. Amma futbolçuların səfərdə oynamaq təcrübəsizliyi var ki, bu da "Neftçi"yə əlavə üstünlük verir.
O, bakılıların səfər matçıyla bağlı sualla da cavab verib: "İlk oyunun nəticəsinə baxmayaraq "Neftçi"də aşkar boşluqlar müşahidə olunurdu. Qapımıza vurulan zərbələr təhlükəli idi. "Neftçi" bir neçə epizodda rəqibə sanki, dəhliz açmışdı. "Dinamo" belə epizodları lazımınca dəyərləndirsəydi, "ağ-qaralar" həmin görüşü qalib başa vurmayacaqdı. Qapıçımız Aqil Məmmədovun gözəl oyununu qeyd edərdim. Komandanı məğlubiyyətdən xilas etdi".
Emin Şəmsiyev