"Qarşıda görəcəyimiz çox iş var. Növbəti həftəyədək daha güclü olmalıyıq".
Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bunu "Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiakos”un baş məşqçisi Pedro Martins deyib.
Portuqaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında hələ tam hazır olmadıqlarını etiraf edib. O, Azərbaycan çempionu ilə bağlı lazımi məlumat topladıqlarını da vurğulayıb:
"Doğrudur, hələ istədiyimiz səviyyədə deyilik. Hazırlaşmaq və istədiyimiz səviyyəyə çatmaq üçün bir həftə vaxtımız var. Bir həftədən sonra daha yaxşı vəziyyətdə olacağıq. Çempionlar Liqasının növbəti mərhələsindəki rəqibimiz "Neftçi”ni və onun sahib olduğu futbolçuları təhlil etmişik. Maraqlı oyunçulara malik komandadır. Mərhələnin oyunları asan olmayacaq. Çətinliklərlə üzləşəcəyik. Azərbaycan çempionu bizə çətin anlar yaşadacaq, bunu bilirik. Ancaq matça bacardığımız qədər hazır olacağıq”.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.
Mirağa