"Qızıl top"un azərbaycanlı jürisi Rasim Mövsümzadə mükafatın bu ilki favoritlərini açıqlayıb.
Fanat.Az-a danışan tanınmış jurnalistin sözlərinə görə, "Qızıl top” bir aylıq turnirlərin nəticələrinə görə deyil, bütün təqvim ilinə görə verilir. Bu səbəbdən Fransa millisi ilə Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, son mövsümü sabit keçirən və "Çelsi” ilə Çempionlar Liqasının qalibi olan N'Qolo Kanteni hələ də mükafatın əsas favoriti hesab etmək mümkündür.
Ehtimal ki, "Çelsi” ilə Çempionlar Liqasını və İtaliya millisi ilə Avropa çempionluğunu qazanan, Avro-2020-də yarımmüdafiədə bir çox oyun komponentlərində hamını qabaqlayan Jorjinyo da "Qızıl top"a əsas namizədlərdən biri olacaq.
Məsələn, Avro-2020 ilə bağlı maraqlı bir statistikanı qeyd edim. Jorjinyo bütün yarış ərzində rəqiblərin ötürdükləri topları hamıdan çox - 25 dəfə ələ keçirib, komandasının mübarizəni 1/8 finalda dayandırmasına baxmayaraq, bu göstəricidə ikinci isə Kantedir: 14 dəfə.
Lionel Messi, nəhayət, Argentina millisi ilə Amerika kubokunun qalibi olsa da, "Barselona” ilə İspaniya çempionatı və Çempionlar Liqasında uğursuzluq yaşayıb. Eyni sözləri "Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ilə bağlı da deyə bilərik - baxmayaraq ki, o, Avropa çempionatlarının rekordçusu, eyni zamanda 5 qolla Avro-2020-nin bombardiri olub.
Robert Levandovskiyə gəlincə, bu il beynəlxalq miqyasda titula həsrət qalmasına baxmayaraq, "Bayern”də məhsuldar bir mövsüm keçirib, eyni zamanda Polşa komandasının lideri olaraq Avro-2020-də 3 qol vurub.
Şübhəsiz, futbolçuların sentyabr-oktyabrda aparıcı milli çempionatlar və Çempionlar Liqasında göstərdiyi nəticələr də mükafatın münsiflər heyətinin qərarına təsir edəcək.
Son mövsümlə bərabər bütün karyeralarına nəzər salsaq, italiyalı Corco Kyellini, belçikalı Kevin de Brüyne, fransalı Kərim Benzema və almaniyalı İlkay Gündoğan kimi futbolçular da "Qızıl top”a layiqdirlər.
Məncə, fransalı Kilian Mbappe isə Avro-2020-dəki uğursuzluğu səbəbindən 2021-ci ilin "Qızıl top”unu qazanmaq şansını ən çox qaçıran futbolçu oldu".
Röya Kərimli