Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü Hacımurad Hacıyev Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazansa da, yarışlara qatıla bilməyəcək. Zədə səbəbindən Olimpiadanı buraxacağı bildirilən dağıstanlı legionerin əvəzinə Turan Bayramov ölkəmizi "gündoğar ölkə"də keçirilən dördilliyin zirvə yarışında təmsil edəcək.
Fanat.Az-a danışan Turan Bayramov Olimpiya Oyunlarında iştirakına dünən aydınlıq gəldiyini bildirib:
"Almaniyadan qayıtdıqdan sonra məşqçilər heyəti mənə dedi ki, Hacımuradın zədəsi olduğu üçün Olimpiadaya səni göndərməyi düşünürük. Olimpiya komandası ilə birgə Göygöldə təlim-məşq toplanışına cəlb olundum. Ancaq bu, dünənədək ehtimal idi. Ötən gün dəqiq bilindi ki, mən gedəcəyəm. Olimpiada xəyalım idi. Sevincimin həddi-hüdudu yoxdur".
Müxtəlif yaş kateqoriyaları üzrə dünya və Avropa çempionatlarının, həmçinin Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi olan 20 yaşlı Bayramov, həmşəhərlisi Toğrul Əsgərovun London 2012 çempionluğunu xatırladaraq, Tokioya "qızıl" ardınca gedəcəyini deyib: "Son bir neçə ay ərzində ikinci dəfə çəki dəyişəcəyəm, ancaq bu, məni narahat etmir. Əksinə, yaxşı olacağını düşünürəm. Rəqiblərim daha təcrübəlidirsə, mənim də çəki salmamaq üstünlüyüm var. Olimpiya Oyunlarındakı rəqiblərimin bir neçəsi ilə təlim-məşqlərdə üz-üzə gəlmişəm, güləşim rahat alınıb. O vaxt kim deyərdi Toğrul Olimpiya çempionu olacaq?! Gücümə inanıram. Tokioya gəzməyə getmirəm, çempionluq uğrunda mübarizə aparacağam".
Qeyd edək ki, Tokio 2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Güləş yarışları 1-7 avqust aralığında baş tutacaq.
Sahib Əsədbəyli