Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün dördüncü mərhələnin cavab görüşləri baş tutub.
Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli də 1/16 final çərçivəsində ikinci qarşılaşmasını keçirib. 29 yaşlı qrossmeysterimiz özbəkistanlı Nodirbek Abdusattorovla üz-üzə gəlib.
Dünən baş tutan ilk partiyada "qaralar"la Abdusattorovu məğlub edən Durarbəyli, uğurun ardını gətirə bilməyib. O, ağ fiqurlarla 59-cu gedişdə rəqibinə məğlub olub.
Cütün taleyinə sabah keçiriləcək tay-brek görüşlərindən sonra aydınlıq gələcək.
Kişilər
1/16 final, ikinci görüş
Vasif Durarbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) 0:1 (ilk partiya 1:0)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə(1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli