Tokio 2020 davam edir.
Fanat.Az xəbər verir ki, Yay Olimpiya Oyunlarının cüdo yarışlarının dördüncü günündə daha bir təmsilçimiz mübarizəyə qoşulub.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev yarışa 1/16 finaldan başlamalı idi. Lakin Syerra-Leonedən olan Frederik Harris döyüşə çıxmadığından Murada texniki qələbə verilib.
Cüdo komandamızın ən gənc üzvü növbəti mərhələdə Səid Mollayi(Monqolustan) ilə üz-üzə gəlib. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanan İran yığmasının keçmiş üzvü ilə Fətiyevin dueli gərgin alınıb. 7 dəqiqə 55 saniyə davam mübarizədə Monqolustan təmsilçisi üstün olub.
Cüdo yarışlarının qaydalarına əsasən, yalnız 1/4 finalda uduzanlar medal şansını saxladığından 22 yaşlı idmançımız Olimpiadada çıxışını başa vurub.
Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 31-dək davam edəcək. Azərbaycan bu idman növü üzrə mübarizəyə 9(7 kişi, 2 qadın) nəfərlə qatılıb. Yarışların ilk günündə Kəramət Hüseynov(60 kq), Aişə Qurbanlı(48 kq), ikinci gündə isə Orxan Səfərov(66 kq) erkən mərhələlərdə uduzublar. İyulun 26-da mübarizə aparan bayraqdarımız Rüstəm Orucov isə medalın bir addımlığında büdrəyib(5-ci yer).
Sahib Əsədbəyli