Tokio 2020 Yay Olimpiya Oyunlarında daha 22 dəst medal sahibini tapıb.
Fanat.Az xəbər verir ki, ilk "üçlük"də dəyişiklik olmayıb.
Hesabına 2-si "qızıl" olmaqla daha 5 mükafat əlavə edən Yaponiya liderliyini davam etdirir. Ev sahiblərinin aktivində 10 qızıl, 3 gümüş, 5 bürünc medal var.
Kəmiyyətə görə birinci sırada yer alan ABŞ komandası dünənki kimi, liderdən cəmi bir "qızıl" geri qalır - 9 qızıl, 8 gümüş, 8 bürünc medal.
Günü 3 "qızıl"la başa vuran Çin, ABŞ-la eyni sayda baş mükafat qazanıb. Asiyalıların "boxça"sında 9 "qızıl", 5 "gümüş", 7 "bürünc" var.
"Üçlüy"ü 7 qızıl, 7 gümüş, 4 bürünc medalla Rusiya (Rusiya Olimpiya Komitəsi) izləyir.
Beşinci yerdə isə 4 qızıl, 5 gümüş, 4 bürünc "qənimət" ilə Böyük Britaniya qərarlaşıb.
Ümumilikdə fərqlənən ölkələrin sayı 56-ya çatıb. Baş mükafat qazanan Olimpiya komandalarının sayı 30-dur.
Qeyd edək ki, 4 günün yekununda Azərbaycanın medalı yoxdur. Bu gün 1 olimpiyaçının hesabımızı açmaq imkanı olsa da, 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Murad Fətiyev 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. Hələlik ən yaxşı nəticəyə cüdoçu Rüstəm Orucov imza atıb (5-ci yer).
Sahib Əsədbəyli