SSRİ əməkdar idman ustası, SSRİ əməkdar məşqçisi, dördqat SSRİ çempionu (1954, 1955, 1957, 1959) Ələkbər Məmmədovun anım günüdür.
Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakı şəhərində dünyaya göz açıb.
Azərbaycanlı hücumçu 1948-1953 və 1960-1962-ci illərdə Bakının "Neftçi" klubunun şərəfini qoruyub.
Moskva "Dinamo"sunda keçirdiyi beş mövsüm ərzində 4 dəfə SSRİ-i çempionu olub. Meydana çıxdığı 92 oyunda 43 qolla yadda qalıb (1954-1959).
(Ələkbər Məmmədov - sağdan ikinci sırada birinci)
Lev Yaşinin "Milana" qarşı keçirilən oyunla bağlı xatirələrindən:
"Ələkbər Məmmədovun italyanların qapısına vurduğu hər qoldan sonra 100 000 nəfərlik çılğın tribunalar sanki bir anlıq donurdu".
Qeyd edək ki, həmin görüşdə həmyerlimiz "Milan"ın qapısından 4 qol keçirmişdi.
Ümumilikdə SSRİ çempionatının yüksək liqasında 185 oyun keçirib və 56 qolla yadda qalıb.
SSRİ millisinin qalib gəldiyi 1960-cı il ilk Avropa Çempionatının (Kubokunun) seçmə mərhələsində komandanın heyətində 4 oyun keçirib.
Futbolçu karyerasını tamamladıqdan sonra məşqçiliyə başlayan mütəxəssis 1971-ci ildə "Neftçi" klubunu SSRİ Kubokunun yarımfinalına çıxarıb.
Ələkbər Məmmədov 1993-cü ildə Azərbaycan milli komandasının baş məşqçisi olub.
Eyni zamanda Bakıda futbol məktəbinin direktoru, yerli universitetlərdə bədən tərbiyəsi kafedrasının müdiri vəzifələrində çalışıb. 1972-1990 -cı illərdə "Sevinc" klubunun sədri olub.
Ələkbər Məmmədov 28 iyul 2014 -cü ildə Bakı şəhərində tək yaşadığı mənzilində vəfat edib.
Emin Şəmsiyev