Türkiyəyə Tokio 2020-nin ilk qızıl medalını qazandıran Mete Qazoz vətəninə dönüb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançı İstanbul hava limanında izdihamla qarşılanıb.
Media mənsublarının suallarını cavablandıran kamandan oxatma üzrə Olimpiya çempionu, qazandığı medalın komanda işinin nəticəsi olduğunu deyib: "Çox xoşbəxtəm. "Qızıl"ın mənim boynumdan asılmağı təkbaşına çempion olmağım anlamına gəlməməlidir. Mən burada sadəcə medalı təmsil edirəm. Bu mükafat üçün 5 il ərzində inanılmaz zəhmət çəkdik. 3 il sonra daha bir Olimpiya Oyunları var. Bu dəfə qızıl medallı komanda kimi yarışlara qatılacağıq. Arxamda dayanan hər kəsə təşəkkür edirəm".
Qazoz, jurnalistlərdən birinin onun yarışma vaxtı çəkilmiş, haqqında çox danışılan fotosu ilə bağlı sualını belə cavablandırıb: "O şəklin xatirəsi başqadır. O anda nə hiss etmişdimsə, hamısı üzümə yansımışdı".
Türkiyə tarixinin oxatma üzrə ilk Olimpiya medalçısı başqaları üçün ideal sayılmağın tez olduğunu bildirib: "Qızıl medal qazana bilərəm, amma bu, ideal olmaq üçün heç nədir. Sadəcə, məndən kiçik dostlarıma tövsiyyə verə bilərəm. Hamısı məşqlərinə davam etsinlər, əsla usanmasınlar. Mümkünsüz heç nə yoxdur".
Qeyd edək ki, Türkiyə Tokio 2020-də bu ana qədər 1 qızıl, 2 bürünc medal qazanıb.
Sahib Əsədbəyli