"Səbail” Gürcüstan təlim-məşq toplanışını başa vurub. Komanda artıq Bakıya qayıdıb.
"Dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev Fanat.Az saytına müsahibə verərək, növbəti mövsümə hazırlığı dəyərləndirib.
- Bu gün qayıtmısınız?
- Bəli. Dönən kimi futbolçuları istirahətə buraxdıq. Üç gün dincəlsinlər. Avqustun 5-də yenidən bir araya gəlib ilk turdakı oyunumuza hazırlaşacağıq.
- Hazırlıq necə alındı?
- Toplanışı iki mərhələdə keçirdik. Bakıda əsasən fiziki hazırlığın bərpasına diqqət yetirdik. Eyni zamanda yeni oyunçuları sınaqdan keçirdik. Gürcüstana isə yoxlama görüşləri ilə yanaşı, taktiki planda istəklərimizi icra etməyə yollandıq. Qonşu ölkədə 3 oyun keçirdik. Nəticələrlə tanışsınız, odur ki, geniş danışmağa ehtiyac duymuram. Əsas nəticə deyildi. Yeni gələnlərin indiki durumunu öyrənmək istəyirdik. Hər oyunda fərqli heyətə güvənirdik. Hətta elə olurdu ki, hər oyunda bir hissə bir, o biri hissə fərqli heyəti meydana buraxdıq. Ümumilikdə götürdükdə, normal alındı. Əsas odur ki, toplanışdan zədəsiz, sağ-salamat döndük.
- Heyət komplektləşib?
- Ötən mövsümün sonunda komandanı 12-13 oyunçu tərk etdi. Belədə yenidən seleksiya aparmalı olduq. Heyətə qatdığımız futbolçulara diqqət yetirsəniz, əsasən klubunda ehtiyatda qalan, bu və ya digər səbəbdən, oyun praktikasından məhrum olanları sıralarımıza qatmışıq. Həmçinin, bir legioner transfer etdik. Heyət hələ tam komplektəşməyib.
- Transfer fəaliyyətiniz tamamlanıb?
- Xeyr. Daha 3-4 oyunçu ilə güclənməyi düşünürük. Onlardan 2-si legioner ola bilər.
- Belə başa düşdük ki, çempionata hələ hazır deyilsiniz?
- Bu gün futbolçuların tam hazır olmasını gözləmirik. Mümkün də deyil. Qeyd etdiyim kimi, əksəriyyətinin oyun təcrübəsi yetərli deyil. Bilirdik ki, çatışmazlıqlar olacaq. Gürcüstan toplanışı futbolçuların durumu barədə bizə material verdi. Çalışacağıq ki, tərdicən onların durumunu yaxşılaşdıraq. İlk tura kimi optimal formaya yaxınlaşmağa çalışacağıq.
- Son transferiniz litvalı Şimkus Domantas haqda ilk təəssüratınız necədir?
- Şimkus haqqında yalnız xoş sözlər söyləyə bilərəm. Ölkəsinin milli komandasının üzvüdür. Menecerlər bizə təklif edəndən sonra oyunlarını izlədik. Şərtlər də qane etdiyindən komandaya cəlb etdik. İnanıram ki, əzmkarlığı ilə bizə çox faydası edəcək.
Mirağa