"Qonaq meydanda oynayanda həmişə çətin olur. "Neftçi" rütubətli havada həmişə oynayır. Bu hava şəraitinə uyğunlaşmaq bizə çətindir".
Fanat.Az saytının məlumatına görə, bunu sabah Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"nin qonağı olacaq Finlandiya klubu HİK-in baş məşqçisi Toni Koskela oyun barədə danışarkən deyib.
38 yaşlı çalışdırıcı daha sonra sualları cavablandırıb:
- "Neftçi" və Azərbaycan futbolu barədə nə dərəcədə məlumatlısınız?
- Təbii ki, məlumatımız var. "Neftçi" haqda daha çox məlumatlıyam, nəinki Azərbaycan futbolu barədə. Son oyunlarımızın ardından məşqçi heyətimiz rəqib haqda məlumatlar toplayıb. Rəqibin güclü və zəif tərəflərini, ən yaxşı oyunçularını bilirik.
- Son avrokubok matçlarında Azərbaycan klubları Finlandiya təmsilçilərini avrokuboklarda üstələyib. Bu statistika sizi narahat etmir?
- Xeyr, bu məni narahat etmir. Azərbaycan klublarının resursları Finlandiya klublarından daha çoxdur. Bura ona görə gəlmişik ki, sabah qənaətbəxş nəticə göstərək və evə rahat yollanaq.
- Bir qapıçınızdan Finlandiya çempionatında, digərindən isə Çempionlar Liqasında yararlanmısınız. Yenə eyni ənənəni davam etdirəcəksiniz?
- Mən deməzdim ki, hər hansı gediş edirik. Həm finlandiyalı, həm də isveçli qapıçımız hər iki turnirdə çıxış edib. Sabah da onlardan birindən yararlanacağıq.
- "Neftçi"nin baş məşqçisi bildirdi ki, HİK fiziki cəhətdən daha güclüdür. Bəs siz rəqibin hansı özəlliyini fərqləndirərdiniz?
- Həmkarımın nəyi nəzərdə tutduğunu bilmirəm. Bəli, biz fiziki cəhətdən yaxşı durumdayıq. Əks-hücumlara sürətli çıxırıq və qol şansları yaradırıq. Rəqibin oyunçuları topla yaxşı rəftar edirlər. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Oyunu bu oyunçuların üzərində qururlar. Qısa ötürmələrdən yararlanırlar. Ən güclü tərəfləri bunlardır.
- "Neftçi" avrokubok oyunlarında müdafiə xəttində boşluqlar buraxıb. Əsas qol ümidiniz Filip Valençiçi bu barədə məlumatlandırmısınız?
- İstənilən rəqibə qarşı hazırlaşanda onların güclü və zəif tərəflərini öyrənirik. Sizin vurğuladığınız məqam "Neftçi"nin zəif tərəfləridir. Hücumçularımızla bu ba barədə söhbətlər aparmışıq.
Mirağa