Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər
verir ki, 29 ölkədən 117 şahmatçı iştirak edən qitə birinciliyində yarışan 10 şahmatçımız - Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım
Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə
Fətəliyeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva və Nəsrin Babayeva dünən ilk
oyunlarını keçiriblər.
Günay
Məmmədzadə erməni Mariya Qevorgyanı 43-cü gedişdə təslim olmağa vadar edib. Bundan
başqa, Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı Stefani Matasarudan, Zeynəb Məmmədyarova
italiyalı Diana Mirzadan, Gülnar Məmmədova slovakiyalı Stella Sankovadan, Gövhər
Beydullayeva rumıniyalı Petronella Parasçivdən üstün olub. İlk turda qarşılaşan
iki xanım şahmatçımızın - Xanım Balacayeva ilə Ayan Allahverdiyevanın duelindən
isə birinci qalib ayrılıb.
Xəyalə Abdulla ilə Aureliana Pancu (Rumıniya) və Türkan Məmmədyarova ilə Ronit
Levitan (İsrail) xalları yarı bölüblər. Nəsrin Babayeva isə yarışa məğlubiyyətlə başlayıb ki, o, Rumıniya şahmatçısı Miruna Lehaçiyə uduzub.
Bu gün 2-ci turun oyunları keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi
mükafat fondu isə 60 min avro təşkil edir.
Mirağa