Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava "Legiya"sı Polşa çempionatının 4-cü turuna hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, Poznan "Varta"sı ilə oyun üçün dünənki hazırlıq məşqi iki mərhələdə baş tutub. Komanda üzvləri əvvəlcə Ksiazenitsdəki məşq meydançasında fiziki təmrinləri yerinə yetiriblər, ardından ardından taktiki tapşırıqları icra ediblər. Bir gün əvvəlki məşqdə iştirak etməyən Mahir Emreli bu dəfə komanda yoldaşları ilə bir yerdə olub. Əvəzində "Seltik"ə keçidi gündəmdə olan Yosip Juranoviç Zaqreb "Dinamo"su ilə oyunda dizindən xəsarət aldığını və ağrılarının olduğunu əsas gətirərək, dünənki məşqi yarımçıq tərk edib.
Məşqin ikinci və əsas bölümü "Legiya Təlim Mərkəzi"ndəki 2 nömrəli meydançada baş tutub. Komanda üzvləri burda ikitərəfli oyun keçirib. Məşq prosesində iştirak edən media nümayəndələri Tomas Pekhart, Mahir Emreli, Rafael Lopes və Kasper Kostorzun çıxışını vurğulayıb: "bu "dördlüy"ün vurduğu qollarla qapıçılar oyunu əlidolu şəkildə tərk etdilər".
Növbəti məşq bu gün Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılır və media nümayəndələri üçün qapalı olacaq.
Qeyd edək ki, "Varta Poznan"la qarşılaşma sabah "Qrodzisk Velkopolski"də baş tutacaq və yerli vaxtla 20:00-da başlayacaq.
Mirağa