Mövsümün ilk oyunu Masazırda baş tutdu. "Sabah" - "Səbail" matçından yarım saatın tamamında yeganə qolu vuran qonaqlar qalib ayrıldı. Bu görüş ətrafında bir sıra diqqətçəkən məqamlar da oldu ki, onları təqdim edirik:
* Gözləmək olardı ki, iki ildir Premyer Liqaya tamarzı qalan azarkeşlər arenaya axın edəcək. Əslində isə maraq yox dərəcəsində idi. Çempionat oyunlarını azarkeşlərin izləməsinə icazə verilsə də (50 faiz həcmində), komandaları dəstəkləyənlərin sayı vur-tut 100-200 nəfər olardı. Onların da əksəriyyəti azyaşlılar idi.
* Açılış turunun oyunu olduğu üçün ənənəvi qaydada kapitanlar – Slavik Alxasov və Rahid Əmirquliyev start fitindən əvvəl dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırdılar.
* Matçı milli komandanın baş məşqçisi Canni De Byazi tribunadan izləyirdi. Ancaq italiyalı mütəxəssis sona qədər qalmayıb “Bank Respublika”nı ilk hissədən sonra tərk etdi.
* Oyunda erkən qol olmadı, ancaq cəmi 20 dəqiqə sonra məcburi əvəzləmə həyata keçirildi. “Sabah”da Zurab Oçiqava zədələnib yerini Amin Seydiyevə verdi.
* Mövsümün ilk qolu 30-cu dəqiqəyə təsadüf etdi ki, “Səbail”in futbolçusu Yurqen Qoxanın adı tarixə düşdü.
* Ramin Quliyev emisional davranıb meydana ayaq qoyduğuna görə baş hakim ona doğru qaçıb gəldi və xəbərdarlıq etdi. Nə baş verdiyini anlamayan gənc çalışdırıcı hakimin xəbərdarlığından sonra “bir addıma görə o boyda qaçıb gəlmisən” deyə sual etdi. Onun sözləri yaxın tribunadakılar tərəfindən gülüşlə qarşılandı.
* Son dəqiqələrdə "Sabah"ın hücumçusu Con-Lens Mikels Qoxaya qarşı sərt oynadı və qırmızı vərəqə aldı. Mövsümün ilk qolunun müəllifi üçün hakim meydana həkimləri dəvət etsə də, onların ləngidiyini görən Turan Manafov qaçaraq yaxınlıqdan su qabını götürüb komanda yoldaşına yardım etdi.
* Oyundan sonra "Səbail"in paltardəyişmə otağında sevinc qışqırıqları xeyli davam etdi. Çox güman, qələbə selfisi çəkdirən komanda üzvləri konfrans zalından klubun fotoqrafını çağırıb apardılar.
Mirağa