Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün altıncı turun görüşləri keçirilib.
Beş turdan sonra hesabında 4,5 xal olan və əlavə göstəricilərə əsasən yarış cədvəlinə başçılıq edən Günay Məmmədzadə Yuliya Osmakla (Ukrayna) münasibətlərinə aydınlıq gətirib. Eyni xala sahib şahmatçıların qarşılaşması "sülh"lə başa çatıb.
Gülnar Məmmədova rusiyalı Anastasiya Bodnarukla, Xanım Balacayeva macarıstanlı Tranq Hoanqla xalı yarı bölüb.
Ülviyyə Fətəliyeva Viktoriya Çernyak (Rusiya), Nəsrin Babayeva Annika Froyevis (Avstriya), Ayan Allahverdiyeva Liya Mariya (Rumıniya) üzərində qələbə qazanıb.
Xəyalə Abdulla Yuliya Qriqoryevaya (Rusiya), Gövhər Beydullayeva Yolanta Zavadskaya (Polşa), Zeynəb Məmmədyarova Stavrula Tsolakiduya (Yunanıstan), Türkan Məmmədyarova Zala Urha (Sloveniya) uduzub.
Bu nəticələrdən sonra xallarının sayını 5-ə çatdıran Günay Məmmədzadə əlavə göstəricilərə əsasən yarış cədvəlində ikinci sırada qərarlaşıb.
Gülnar Məmmədova və Xanım Balacayevanın 4 xalı var. Altı turdan sonra Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva aktivinə 3,5, Zeynəb Məmmədyarova, Nəsrin Babayeva 3, Türkan Məmmədyarova, Xəyalə Abdulla 2,5, Ayan Allahverdiyeva isə 2 xal yaza bilib.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli