Dünən Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turunda "Keşlə" Sumqayıtın eyni adlı klubunu qəbul etdi. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində çıxışlarını dayandıran hər iki klub yeni mövsümün ilk oyununa xüsusi hazırlaşmışdı. Bunu həm komandanın azarkeşlərinin simasında, həm məşqçilərdə, həm də futbolçularda müşahidə etmək olardı. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov demişkən "Darıxmışdıq".
Keçək oyuna.
İlk olaraq qeyd edək ki, oyun olduqca maraqlı keçdi.
"Keşlə" oyuna sürətli başladı. Artıq oyunun 3-cü dəqiqəsində kəskin hücum izlədik. Amma bu həmlə qolla deyil, "Sumqayıt"ın qapıçısı Aydın Bayramovun zədələnməsi ilə nəticələndi. Ayxan Abbasovun planlarına daxil olmayan qapıçı dəyişikliyi oyunun nəticəsinə heç cür təsir etmədi. Hətta "çərçivə"nin etibar edildiyi Tərlan Əhmədli sözün yaxşı mənasında hər kəsi təəccübləndirə bildi. Bu barədə bir qədər sonra.
"Keşlə"nin hücum xəttindəki futbolçularının mövsümə yaxşı hazırlaşdığı ilk dəqiqələrdən hiss olunurdu. Amma eyni sözləri müdafiəçilər barədə demək olmaz. Oyunun 30-cü dəqiqəsində "Keşlə"nin müdafiəçisi, cərimə meydançasında rəqibin iki hücumçusu ola-ola, qapıçıya ötürmə edir və bununla da öz qapısı qarşısında real qol imkanı yaradır. Amma qapıçı Namaşko kritik bir anda vəziyyətdən çıxaraq topu qapı xəttindən uzaqlaşdıra bilir.
2-ci fakt: Rəqib cərimə meydançasında edilən uzun otürmələri qolla tamamlamasa da, özünü məşqdəki kimi hiss edirdi. Bunun bariz nümunəsini 41-ci dəqiqədə gördük. Rəhim Sadıxovun cərimə meydançasına ötürdüyü topa Əli Qurbani 3 müdafiəçinin arasında asanlıqa baş zərbəsi endirdi. Amma top qapıdan azacıq aralı keçirdi.
"Keşlə"nin hücumları davam edir. 43-cüdəqiqədə meydan sahibləri real qol imkanını əldan verdi. Felipe Santosun dəqiq ötürməsini Rəhman Hacıyev aşırma zərbəsi ilə tamamlasa da, top qapıdan xeyli aralı keçirdi. Daha bir imkan oyunun 48-ci dəqiqəsində qeydə alındı. Aladirin uzaqdan endirdiyi zərbə qapı tirinə tuş gəldi, təkrar zərbəni qapının 10 metrliyindən Felipe Santos endirdi - yenə Tərlan Əhmədli yerindədir.
Birinci hissə qarşılıqlı hücumlarla keçsə də, qolsuz bərabərliklə başa çatdı.
İkinci hissə də olduqca maraqlı başladı. "Keşlə" meydana oyunçu dəyişikliyi ilə çıxdı. Oyunun birinci yarısında passiv görünən Aldairi Omar Qodiabi əvəzlədi.
Oyunun 57-ci dəqiqəsində Rəhman Hacıyev "Sumqayıt"ın qapısına təhlükəli zərbə endirsə də, yenə Tərlan Əhmədli iş başındadır və növbəti dəfə komandasını xilas etdi. 68-ci dəqiqədə Giqaurinin uzaqdan endirilən zərbəsi də Tərlan Əhmədlinin sayəsində qolla nəticələnmədi.
50-ci dəqiqədən sonra "Keşlə" ardıcıl olaraq 3 real qol imkanını qaçırdı. Abanq oyunun 59 və 81-ci dəqiqələrində, Felipe Santos isə 66-cı dəqiqədə bu şansı boşa verdi. Bütün bunlardan sonra Sənan Qurbanovun çılğınlığını anlamaq çətin deyildi...
"Sumqayıtı"ın baş məşqçisi isə taktiki hiyləyə əl atdı. İkinci hissədə Rəhim Sadıxov cinahını Eltun Turabovla dəyişdi. İkinci 45 dəqiqənin yarısını öz qapısı önündə təzyiqlə keçirən "kimyaçılar" nəhayət rəqib qapısı qarşısında da təhlükə yaratmağa cəhd göstərdi. Amma Rəhim Sadıxovun cərimə meydanının mərkəzinə ötürdüyü topu Əli Qurbani düzgün qiymətləndirə bilmədi.
Sumqayıtlı azarkeşlər ikinci hissəyə olduqca aktiv başlamışdılar. Komandaya dəstək dayanmırdi. 82-ci dəqiqə, Rəhim Sadlxov meydanın mərkəzindən gələn topu qəbul edib cərimə meydançasına doğru sürətlə irəliləyir və budur nəhayət hesab açılır. Rəhimin qarşısındakı müdafiəçi belə bu qola əngəl ola bilmir.
Sənan Qurbanov daha bir dəyışikliyə əl atır. 88-ci dəqiqədə müdafiəçi Tərlan Quliyevin əvəzinə meydana hücumçu Amil Yunanov daxil olur. Bundan bir dəqiqə sonra "Sumqayıt" yenidən ideal bir hücum qurur və Rəhim dublunu rəsmiləşdirir. Vurulan qolda Əli Qurbaninin ötürməsini qeyd etmək lazımdır. Beləliklə, oyun "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşır.
Oyunun diqqətçəkən məqamlarından biri də baş məşqçi Ayxan Abbasovun müdafiəçi Yusif Nəbiyevə matçboyu bir neçə dəfə irad bildirməsi idi. Çalışdırıcı axırda o qədər özündən çıxdı ki, baş hakim ona şifahi xəbərdarlıq etdi....
Emin Şəmsiyev