Yubiley - 30-cu çempionat Masazırda start götürdü. S hərfi ilə başlayan iki komandanın qarşılaşması, eyni rayondan, eyni kənddən və hətta bacanaq olan iki kapitanın bayraq qaldırması ilə başladı çempionat. Bütövlükdə premyer liqaya hakim olan yerli məşqçi sexinin iki gənc üzvünün dueli qeyri-bərabər keçdi. Daha doğrusu, biri yaradıcı, digəri praqmatik oynadı. Heç də həmişə yaxşı oynayan qazanmır: bu dəfə də belə oldu. "Qocalar"a güvənən, ortalama yaş həddi 28-in üzərində olan, bu və ya digər səbəbdən son mövsümdə kənarda qalıb oyun praktikasından məhrum qalan futbolçuları transfer edən "Səbail" 90 dəqiqəni müdafiədə keçirməsinə rəğmən, səfərdən 3 xalla dönməyi bacardı...
İlk yarı "Sabah"ın aşkar ərazi üstünlüyü ilə keçsə də, Messinin komanda yoldaşı olmuş Kamaranın iki-üç cəhdi nəticəsiz qaldı. Əvəzində cəmi bir hücum reallaşdıran "Səbail" onu qola çevirməyi bacardı. Standart vəziyyətdən, künc zərbəsindən sonra rəqibin cərimə meydançasında yaranan qarışıqlığı eks-"Qəbələ"li Qoxa əla dəyərləndirdi və mövsümün ilk qolunun müəllifi oldu.
İkinci hissənin əvvəlində hər iki qapının ağzında qol imkanları oldu. Əvvəlcə Coşqun Diniyevin uzaq "doqquzluğ"a atmaq istədiyi topu Kamran Ağayev cəld reaksiya ilə tirin altından çıxardı. Bir qədər sonra isə Cabir Əmirlinin uzaqdan qüvvətli zərbəsini Səlahət Ağayev yumruqları ilə dəf edə bildi. Meydan sahiblərinin fasiləsiz qol arayışları son dəqiqələrdə bəhrəsini verdi. Ancaq "Sabah" fərqlənsə də, hakim ofsayd işarəsi ilə bu qolu qeydə almadı. Beləliklə, Ramin Quliyevin komandası mövsümə yenilgi ilə başladı. Start məğlubiyyətinin üzüntüsü bir bankın adını daşıyan arenanın dəhlizində qəribə hiss olunurdu. "Səbail" isə əksinə, matçın sonunda 3 xalla bərabər, paltardəyişmə otağında vəd olunan mükafat xəbərinin sevincini bayram edirdi...
Mirağa