“Subaşiçin “Orduspor”a gedişinə sevindim. Mən arzu edirəm ki, o, bu klubda mənim yaşadığım problemlə üzləşməsin, pullarını vaxtında alsın”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov deyib. 31 yaşlı keçmiş yarımmüdafiəçinin 2010-cu ildə futbolçu karyerasını bitirdiyi Türkiyənin “Orduspor” klubu Branimir Subaşiçlə 2 illik müqavilə imzalayıb.
Yenidən I divizionda çıxış edəcək Ordu təmsilçisində 6 aylıq çıxışından razı qalan Ponomaryov komandanın azarkeşləri, təmsil etdiyi şəhərin onun xoşuna gəldiyini bildirib: “Məni orda insanlar sevirdi. “Orduspor”da yeganə problemim maddi baxımdan idi. Klub müqavilə ilə verməli olduğu pullarımızı ödəmirdi, gecikdirirdi ki, bu da məni narazı salırdı. Nəticədə mən və bir neçə futbolçu komandadan getdi. “Orduspor” mənə gələnə kimi turnir cədvəlinin sonlarında idi. Ancaq mənim vaxtında yuxarılara qalxa bildi. Komandada daim oynayırdım”.
Anatoli bildirib ki, Branimir Türkiyə I liqa klubunda daim oynaya bilər: “Niyə də yox? O bacarıqlı futbolçudur, Azərbaycan yığmasında oynayır. Mən “Orduspor”da işlərinin uğurlu getməyini arzulayıram. Fikrimcə, o, bu komandada yaxşı oynayacaq”.
Hazırda FİFA agenti olan həmyerlimizin fikrincə, milliləşdirilən serbiyalı hücumçuya məsləhət verməklə bağlı bir şey demək çətindir: “Hər insanın öz xarakteri var. Onun öz üslubu var, mənim öz üslubum. Subaşiç də xeyli klubda oynadığından, təcrübəsi böyükdür. Buna görə mənə ona hansısa məsləhət vermək çətindir. Branimir təcrübəsinə güvənmək olar və hər şey onda yaxşı olacaq. O bilir ki, nəyi necə etmək lazımdır”.
Qeyd edək ki, milliləşdirilən braziliyalı müdafiəçimiz Ernani Pereyranı nəzərdə almasaq “Orduspor”da yeganə azərbaycanlı futbolçu olan Ponomaryov 10 oyunda 3 qol vurub.
İdman24.az