Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, 10 şahmatçımızdan yalnız ikisi turu qələbə ilə tamamlayıb.
Gülnar Məmmədova belaruslu Olqa Badelkanı, Gövhər Beydullayeva isə rusiyalı Yelena Semyonovanı yenib.
Ülviyyə Fətəliyeva Klaudia Kulon (Polşa), Zeynəb Məmmədyarova Yana İlyuçuk (Belarus), Türkan Məmmədyarova İrina Petrova (Ukrayna) ilə "sülh bağlayıb".
Altı turdan sonra 5 xal toplayan və liderdən yalnız əlavə göstəricilərə görə geri qalaraq yarış cədvəlində 2-ci sırada qərarlaşan Günay Məmmədzadə Aleksandra Maltsevskaya (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb.
Xanım Balacayeva Aleksandra Bodnaruk (Rusiya), Nəsrin Babayeva Mihaela Sandu, Ayan Allahverdiyeva Ema Obada (hər ikisi Rumıniya), Xəyalə Abdulla Triin Narva (Estoniya) duellərindən də rəqiblər qalib ayrılıb.
Yeddi turdan sonra Günay Məmmədzadə və Gülnar Məmmədovanın hesabında 5 xal xar. Onlar əlavə göstəricilərə əsasən, müvafiq olaraq 5 və 9-cu yerdədirlər. Gövhər Beydullayeva aktivinə 4,5, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva aktivinə 4,
Zeynəb Məmmədyarova 3,5, Nəsrin Babayeva və Türkan Məmmədyarova 3, Xəyalə Abdulla 2,5, Ayan Allahverdiyeva isə 2 xal yaza bilib.
Yarış cədvəlinə 6 xalla ukraynalı Yuliya Osmak başçılıq edir. Rusiyalı Aleksandra Maltsevskaya da onunla eyni sayda xal toplayıb.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli