“Neftçi”ni Türkiyənin birinci liqa klubuna dəyişən Namik Ələsgərovun “Bursaspor”da debütü ləngiyir.
Fanat.Az xəbər verir ki, avqustun 14-də türk klubu ilə münasibətlərini rəsmiləşdirən və “Adanaspor”la ilk matçda oynamayan hücumçu hələ də TFF-yə sifariş olunmayıb.
2-ci turda səfərdə “Ərzurumspor”la qarşılaşacaq “Bursaspor” səfər oyununa qədər futbolçumuzun sənəd problemini yoluna qoymağa çalışır. Ələsgərovun meneceri Səbuhi Səfiyarlı problemin tezliklə həll ediləcəyini deyir: “Sənəd məsələsinə görə yubanır. Bir-iki günə sifariş olunacaq. İnanırıq ki, 2-ci turda meydana çıxa biləcək. Namik adi qaydada məşqlərini davam etdirir”.
Qeyd edək ki, “Bursaspor”un növbəti tur çərçivəsində oyunu avqustun 23-də baş tutacaq.
Mirağa