Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün doqquzuncu turun oyunları keçirilib. Azərbaycanın 10 təmsilçisindən dördü görüşünü qələbə ilə başa vurub.
Zeynəb Məmmədyarova israilli Mişel Katkovu, Türkan Məmmədyarova danimarkalı Frederika Ellen Nilseni, Nəsrin Babayeva avstriyalı Jasmin Şlofferi, Ayan Allahverdiyeva almaniyalı Luiza Başilinanı üstələyib.
Gövhər Beydullayeva Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyeva Stavrula Tsolakidu, Xəyalə Abdulla Marina Makropolu (hər ikisi Yunanıstan) ilə "sülh bağlayıb".
Ən yaxşı göstəriciyə malik iki şahmatçımız - Gülnar Məmmədova və Günay Məmmədzadə turu xalsız tamamlayıb. Onlar müvafiq olaraq ukraynalı Nataliya Buksa və estoniyalı Mai Narvaya uduzub. Xanım Balacayeva isə Belarusdan olan həmkarı Olqa Badelkaya yenilib.
Doqquz turdan sonra hesabında 6 xal olan Gülnar Məmmədova 12-ci yerdə qərarlaşıb. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva 5,5 xalla 21-23-cü yerləri bölüşürlər. Xanım Balacayeva və Zeynəb Məmmədyarova aktivinə 5, Türkan Məmmədyarova 4,5, Nəsrin Babayeva, Xəyalə Abdulla 4, Ayan Allahverdiyeva 3,5 xal yaza bilib.
Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli