"Qarabağ" və "Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici oyuna çıxacaq.
"Neftçi" ev oyununda heç-heçə (3:3) etdiyi "Makkabi Hayfa"nın qonağı olacaq. "Qarabağ" isə "Aberdin"lə Şotlandiya səfərinə minimal üstünlüklə (1:0) yollanıb.
Fanat.Az vacib oyunlarla bağlı təcrübəli futbol mütəxəssisi Aslan Kərimovun fikirlərini öyrənib.
"Makkabi Hayfa" - "Neftçi"
"Bakıdakı oyunun ilk hissəsində komandamızın qol imkanlarının olmamasına səbəb rəqibin daha cəld, daha inamlı oynaması idi. Hayfa təmsilçiləri topu itirən kimi cəld pressinq edib onu qazanırdılar. "Neftçi" futbolçularının düşünüb hücuma keçməsinə nə vaxt, nə də şərait yaratmırdılar. Bilmirəm bu həyəcandan irəli gəlirdi ya təcrübəsizlikdən, amma "Neftçi"nin futbolçuları bu baxımdan rəqibə uduzurdu. Amma Samir Abasov ilk hissədən sonra bu nöqsanları aradan qaldırmaq taşırığı verdi və göründüyü kimi, ikinci yarıda daha çox hücum epizodu yaradaraq fərqlənə bildik. Bir neçə hücum cəhdinin şahidi olduq ki, bunlar da "Neftçi"nin qol vurması ilə nəticələndi. Topu ələ keçirərək cəld şəkildə irəlidəki futbolçulara olan ötürmələri də qeyd etmək lazımdır".
Oyunun qırılma anına gəlincə isə mütəxəssis qırmızı kart amilini qeyd edib:
"Qapımıza vurulan qollarda isə qırmızı kartın təsiri oldu. Komanda azlıqda qaldı və topu saxlamaq mümkün olmurdu."
Mütəxəssis səfər oyunu barədə də danışıb:
"Düşünürəm ki, "Neftçi" üçün heç nə itirilməyib. Yeni qaydalara görə hesab hələ ki, 0:0-dır. Amma rəqibi də qiymətləndirmək lazımdır. Kəskin əks-hücum etmələri, birəbir mübarizələrdə bizim futbolçulardan üstün olması "Neftçi" üçün çətinlik yaradacaq. Komandada olan itkiləri də nəzərə almaq lazımdır. Laval kimi futbolçunun yerinə oynayacaq futbolçu onun işini yüksək səviyyədə görməlidir. Məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməlidir. "Makkabi"yə qarşı ilk oyunun ikinci hissəsindəki kimi mübarizə aparmaq mümkün olacaq? Bu artıq məsələnin ikinci hissəsidir. Qısaca - "Neftçi" üçün çətin səfərdir".
"Aberdin" - "Qarabağ"
Pley-offda mübarizə aparacaq digər təmsilçimiz "Qarabağ" barəsində də fikirlərini bölüşən mütəxəssis ilk növbədə ev oyununda meydanın vəziyyətindən başlayıb:
"Meydançanın bu vəziyyətdə olmasına kim cavabdehlik daşıyır, onu bilmirəm. Aqronom olmasam da, futbol praktikam ot örtüyü barədə məni çox məlumatlandırıb. Müasir dövrdə futbol meydançasının ot örtüyünü istənilən hava şəraitində yaşxı vəziyyətdə saxlamaq mümkündür. Otun toxumunu alanda belə əlavə instruksiyalar və xüsusi qulluq qaydaları olur. Qazona bir neçə ay qabaq müəyyən olunmuş şəkildə xüsusi qulluq olunmalı idi ki, bu, baş verməyib. Bu cür səhlənkarlıqlar gətirib biabrçı vəziyyətə çıxardı".
"Qarabağ" -"Aberdin" görüşündə Ağdam təmsilçisinin sərgilədiyi oyundan tam razı olmadığını dilə gətirən Kərimov səfər matçı haqda gözləntilərini çatdırıb:
"Düşünürəm ki, 1:0 hesablı qələbəyə baxmayaraq, bir o qədər ürəkaçan oyun oynamadılar. Daha doğrusu, "Qarabağ" gözlənilən oyununu sərgiləmədi. Top itkiləri, əks-hücumlara şərait yaratmaları, həminki "köhlən atlar"ı xatırlatmırdı. Bəlli mövqelərdə, hücum və müdafiədə müəyyən boşluqlar var idi.
Səfər oyununda isə düşünürəm ki, təmsilçilərimiz evdəkindən daha rahat oynamalıdır. Çətinlik çəkəcəkləri nöqtə standart vəziyyətlər və uzun ötürmələr olacaqdır. Rəqib ikinci mərtəbədə yaxşı oyun keyfiyyətinə, təcrübəsinə sahibdir.
"Qarabağ" üçün elədə çətin səfər deyil. Bir qol vurub hesabı saxlaya bilsələr, kifayət edəcək".
Klubun yeni transferi haqda isə mütəxəssis bunları deyib:
"Yeni transfer olunan futbolçunun əvvəlki oyunlarını izləməmişəm. Odur ki, bu barədə geniş danışa bilməyəcəm. Amma komandaya adaptasiya olması bir qədər vaxt aparacaq. Məsələn Kadi, hələ də kollektivə uyğunlaşa bilmir, topu özündə daha çox saxlamağa üstünlük verir. Yadınızdadırsa, Zubir də kluba yeni gələndə bir o qədər yaxşı təsir bağışlamırdı, amma zaman keçdikcə "Qarabağ"a uyğunlaşdı.
Ramil Şeydayevə gəlincə, forvard olaraq ondan qol vurmaqdan başqa, həm də digər keyfiyyətlər gözlənilir. Komanda onu transfer edəndə sözsüz ki, futbolçunun digər bacarıqlarını da nəzərə almışdı. Hazırda Şeydayev daha çox "Neftçi" klubuna lazımdır, nəinki "Qarabağ"a. Futbolçu "ağ-qaralar"ın oyun üslubuna daha çox uyğun gəlir. Hücumda geniş və sərbəst zonalarda özünü daha rahat hiss edən futbolçudur."
Emin Şəmsiyev