“Bu il “Bakı”da işlərim qaydasında getmədi. Çünki biz mövsümü 5-ci pillədə tamamlaya bildik. Ancaq ordakı karyeram mənim üçün böyük təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın sabiq müdafiəçisi Edemir Rodriges deyib.
Boliviyalı futbolçu ölkəsində karyerasını davam etdirəcək. Sabiq klubu “Bolivar”la 2 illik müqavilə bağlayan Rodriges Azərbaycandakı 1 illik karyerasını da xatırlayıb: “Azərbaycan futbolunun səviyyəsi məni təəccübləndirdi, ancaq orda az tanınmış futbolçu var. Orda xoşlamadığım şey yalnız yeməklərlə bağlı idi. Çünki dəniz yeməklərinə üstünlük verilirdi”.
Edemir “Bolivar”da yaxşı çıxış etməklə yığmasında itirdiyi yeri qaytarmaq niyyətinidə olduğunu bildirib: “Mənim ilk növbədə məqsədim qəzet sərlövhələrinə çıxmaq yox, məşq etmək olmalıdır. Çünki növbəti mövsüm Libertadores Kubokunda mübarizə aparacağıq. Çox çalışmalıyam ki, milliyə də düşüm. Yığmada məni unudublar. Bu mənim ölkəmdən çox uzaqda oynamağımla əlaqədardır. Fiziki cəhətdən mən hazırda yaxşı formadayam, ancaq bilirəm ki, yenə də çox çalışmalıyam”.