"Dünya çempionatı gözlənildiyi kimi asan keçməyəcək. Mənim bildiyim qədər, kifayət qədər güclü və titullu güləşçilər yarışda iştirak edəcək".
Bunu Fanat.Az-a Azərbaycan yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev deyib.
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatı haqda danışan keçmiş dünya və Avropa çempionu yarış üçün ilkin heyəti açıqlayıb:
"İndi vəziyyət elədir ki, dünya çempionatı üçün heyətə bir neçə gənci cəlb edə bilmirik. Ən yaxşı halda bir-iki nəfəri yarışa apara bilərik. Onlardan biri çox güman ki, gənclər arasında son dünya və Avropa birinciliyinin qalibi Həsrət Cəfərov olacaq. Ehtimal olunan heyət həmçinin Eldəniz Əzizli, Murad Məmmədov, Taleh Məmmədov, Ülvi Qənizadə, Sənan Süleymanov, Rafiq Hüseynov, İslam Abbasov, Murad Lokyayev və Beka Kandelakidən ibarətdir".
Komandamızın məşqçisi mundialda 3, ən yaxşı halda 4 mükafatın qazanılmasının mümkün olduğunu bildirib:
"Olimpiya ilinə düşdüyü üçün hesab edirlər ki, dünya çempionatı əvvəlkilərə nisbətdə asan keçəcək. Amma elə olmayacaq. Mənim bildiyim qədər, kifayət qədər güclü və titullu güləşçilər yarışda iştirak edəcək. Komandada medala ən real namizədlərdən biri 55 kiloqram çəki dərəcəsində güləşən Eldəniz Əzizlidir. Son illər hər yarışdan medalla qayıdıb, düşünürük, bu dəfə də əliboş qalmaz. Həmçinin Taleh Məmmədov və Ülvi Qənizadə barədə də nikbinik. Həsrət Cəfərov bu il çox yarış güləşib, ola bilər ki, yorğunluq ona mane olsun. Nəticə olmasa da, ən azından böyüklər arasında təcrübə qazanmasını istəyirik. O cümlədən, Olimpiya mükafatçımız Rafiq Hüseynov hazırda bərpa dönəmindədir. Tam istədiyi kimi məşq edə bilmir. Digər tərəfdən də, onun güləşməsi planlaşdırılan 82 kiloqram qeyri-Olimpiya çəkisidir. Belədə ən yaxşıları yarışda mütəq görəcəyik. İslamın isə Olimpiadadan sonra zədəsi var idi. Təlim-məşqə çox gec qoşuldu. Çalışacağıq dünya çempionatına kimi tam hazır olsun".
Əliyev Paris Olimpiadasına doğru millinin perspektivinə də toxunub. Onun fikrincə, ölkə güləşi ən yaxşı halda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qədər arzuolunan səviyyəyə çata bilər:
"Azərbaycan güləşində nəsillər arasında böyük məsafə yaranıb. İndi bizim perspektivli gənclərin sayı çox deyil ki, deyək, Parisdə hər şey yüz faiz yaxşı olacaq. Növbəti Olimpiya Oyunlarına 3-4 lisenziya qazana bilsək, böyük iş sayılacaq. 10-12 il əvvəl meydana çıxan parlaq güləşçi ordusunu, bəlkə də daha yaxşısını biz ən yaxşı halda 2028-ci ilin Olimpiya dövründə görə biləcəyik".
Sahib Əsədbəyli