Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran”ın baş məşqçi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.
“Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək. Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Sabah isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Neftçi” matçı saat 17.00-da başlayacaq. Mustafa Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılıb.
lent.az