12:41 22.09.2021 619

"Neftçi"nin prezidenti: "Günahı birinci özümdə görürəm"

“Neftçi”nin prezidenti Kamran Quliyev mətbuata geniş müsahibə verib. 

Fanat.Az
həmin müsahibəni təqdim edir:

“Günahı birinci özümdə görürəm”

- Öncə avrokuboklardan başlayaq. Komandanızın çıxışı uğursuz alındı. Rəhbərliyin buna münasibəti necədi?
- Ümidimiz böyük idi. Tbilisi “Dinamo”sunu keçəndən sonra inamımız daha da artmışdı. Önümüzdə 3 mərhələ var idi, onlardan birini keçsəydik, hazırda ya Çempionlar Liqası, ya Avropa Liqası, ya da Konfrans Liqasının qrupunda idik. Nəticələrə çox üzülürük, bu hissiyyat uzun müddət bizdə qalacaq. Bizim də, azarkeşlərin də arzuları ürəyimizdə qaldı. Nə özümüzü, nə də azarkeşlərimizi sevindirə bildik. İstənilən komandanın avrokuboklardakı uğurlu çıxışı ölkəmizin adına xallar yazdırır. Bu da vacib məsələdir. Hardasa bizim, hardasa məşqçi heyətinin səhvi var. Bu bizim öz problemimizdir. Nəyisə hardasa düz eləmədik. Xırda detallarla danışmaq istəmirəm, hər şey göz önündədir. Bizim üçün xoşagəlməz hal olsa da, bundan nəticə çıxarmalıyıq. Yaranan boşluqları gələcəkdə vaxtlı-vaxtında doldurmalıyıq. Klub rəhbəri kimi günahı birinci özümdə görürəm. Nədəsə düzgün istiqamət vermədim. Bir mərhələ adladıqdan sonra önümüzdəki 3 mərhələdən birində keçə bilmiriksə, deməli, düzəlişlər etmək lazımdı. İlk növbədə özümüzdən başlamalı, toparlanmalı və bundan nəticə çıxarmalıyıq. Futbolu bilənlər də gördülər ki, qarşımıza çıxan üç rəqibdən ikisi güclü idi. Amma “Olimpiakos”u keçə bilərdik. HİK-i isə keçməli idik. “Neftçi” bunu bacaracaq gücdə idi. Müəyyən faktorlar var ki, mənim üçün önəmli deyil. Məsələn, onlarda çempionatın həmin vaxt davam etməsi. Bu, statistika ilə məşğul olan mütəxəssislərə lazım ola bilər. İstənilən vəziyyətdə HİK səddini aşmalı idik.

- “Olimpiakos”a məğlubiyyət öncədən gözlənildiyi üçün həmin oyunlar çox da şişirdilmədi. Bəs HİK-ə “ilişməyinizə” görə məsuliyyət ən çox klub prezidentinin, yoxsa baş məşqçinin üzərinə düşür?
- Bizdə məsuliyyət bölgüsü elədi ki, məsələn, məğlubiyyəti hansısa epizodda səhv edən futbolçunun üzərinə atmarıq. Hər şeyi məşqçinin üstünə atmaq çox asandı. Qələbənin şəriki çox olur. Elə sistem qurmuşuq ki, istənilən nəticədə hamının kiçik də olsa payı var. “Neftçi”də çalışan hər kəsə deyirəm ki, sizin qələbədə 1, 5 və ya 10 faiz də olsa əməyiniz var. Bu yükün altına hamımız giririk, birlikdə də çıxmalıyıq. Mənim baxışım belədir. İndiyə qədər harda işləmişəmsə, uğursuzluğu onun-bunun üstünə atmamışam. Ən böyük məsuliyyət təbii ki, məndədi.

“Səhv edə-edə püxtələşib, “Neftçi”yə böyük xeyir verəcək”

- Avrokubok mövsümü sizin üçün başa çatıb, uzun marafonlu Premyer Liqada isə 4 tur geridə qalıb. 7 xal toplamağınızı necə dəyərləndirirsiz?
- İlk iki turda çətin şəraitdə oynamalı olduq, məşqçilər korpusu heyətin bir neçə üzvünə istirahət verdi. Həm “Qəbələ”, həm də “Zirə” ilə oyunöncəsi bu halla üzləşmişik. “Qarabağ”la görüş isə çox maraqlı keçdi. Hər iki komanda qalib gələ bilərdi. Nəticəni bəxtlə və ya başqa amillə bağlamaq istəmirəm. “Qarabağ” daha effektli oldu və bizdən çox qol vurdu. Elə oyunlar olur ki, qələbə qazansaq da, düşünürük ki, nəyisə düz etmədik. Amma “Qarabağ”la matçda hər şeyi gördüz. Uşaq səhvindən uduzduq. Uşaq səhvini edən də cavanlardır, hansılar ki, onların arxalarında dururuq. Bizim İsmayıl Zülfüqarlı kimi gələcəkdə “Neftçi”yə xeyir verəcək futbolçumuz var. Futbolda belə səhvlər tez-tez baş verir. İsmayıl yetirməmizdi, onun arxasındayıq. Məncə, səhv edə-edə nə vaxtsa püxtələşib, “Neftçi”yə böyük xeyir verəcək. O ki qaldı ilk turda xal itirməyimizə, açığı, “Qəbələ”yə görə sevinirəm. Onlar məhdud imkanlarla çox yaxşı iş görüblər. İstənilən uğurun memarının bir nəfər olduğuna heç vaxt inanmaram. Burda klub rəhbərindən tutmuş, siravi işçiyə qədər, hər kəsin rolu var. “Qəbələ”nin işləri yaxşı alınır. İnanmaq istəyirəm ki, digər klublarda da o cür olacaq. “Qəbələ” ilə də bərabərə qaldıq. Qalib gəldiyimiz matçlar haqda isə danışmaq istəmirəm.

“Belə şey yaddaşımızdan silinməməlidi”

- Sizi “Qəbələ” ilə bərabərlik (2:2), yoxsa “Qarabağ”a məğlubiyyət (1:2) daha çox üzdü?
- Heç biri. Futbolda belə olur. Neçə vaxtdı ki, “Qəbələ”yə qarşı çətinlik çəkirik. Çünki yaxşı rəqiblə oynayırıq. Ötən mövsüm onlarla son iki matçımız kifayət qədər çətin keçdi. Hətta axırıncı dəqiqə qolu ilə qalib gəlmişdik. “Qəbələ”də məğlub durumda idik, hesab 2:2 nəticələndi. “Qəbələ”nin öz yetirmələri, düzgün transfer siyasəti var. “Qarabağ”la qarşılaşmanın isə ikinci hissəsini daha yaxşı keçirdik. Bunu təkcə mən yox, mütəxəssislər də vurğulayır. Sadəcə, qol vura bilmədik. Ötən mövsümün son turundakı çempionluq oyununda “Qarabağ”ın imkanları çox oldu, biz qol vurduq. Bu dəfə isə ikinci hissədə yaxşı şanslarımız oldu.

- “Keşlə” üzərində çox əziyyət çəkmədən qələbə qazandınız. Artıq demək olarmı ki, avrokuboklardakı uğursuz nəticələr unudulub, komanda tam toparlanıb?
- Mən əziyyət çəkmədən qələbə qazandığımızı düşünmürəm. İstənilən hadisə müəyyən müddət insanla paralel gedir. Yaddaşımızda qalır, deyirik ki, çox heyf, qrupa düşə bilmədik. Bunu uğursuzluq kimi qəbul edirəm. Amma peşəkarlar oyuna, məşqə köklənməlidi. Komanda müəyyən müddətdən sonra həmin nəticəni uzaq küncə qoyur. Amma yaddaşımızdan belə şey silinməməlidi. Nəticə çıxarmaq üçün həmişə yadda saxlayasan. Komanda isə Premyer Liqaya tam köklənib. Qışda olacaq kubok matçlarına da köklənəcəyik. İnanmaq istəyirəm ki, kollektiv yavaş-yavaş özünə gələcək. Bunda transferlər də bizə kömək olacaq.

“İndi gələnlər həmin dövrdə gəlməzdilər”

- Son olaraq Ramon Maçado və Tiaqo Bezerra kimi hücumçuları gətirdiniz. Tbilisi “Dinamo”su ilə oyundan başlayan hücumçu probleminin artıq həll olunduğunu söyləyə bilərsiz?
- Tbilisi “Dinamo”su ilə matçlarda heyətimizdə ötən mövsümün ən sərrast futbolçusu Namik Ələskərov var idi. Təəssüf ki, “Olimpiakos”la səfər görüşündə zədə aldı. Düşünürəm ki, əla formada olan Namik həmin vaxt zədələnməsəydi, bəlkə də, mərhələni keçəcəkdik. İndi oturub hansısa ssenarini yaza bilərik. Amma nəticəni öncədən bilən yalnız Allahdı. İctimaiyyət nədənsə gətirmədiyimiz futbolçulardan danışır. Avrokubok yarışları ərəfəsində gətirdiklərimiz də var idi. Gedənlərlə gələnlərin sayı bərabər olmaya bilər. Bizim üçün say yox, keyfiyyət vacibdi. Namik Ələskərov hazırlıq dönəmində bütün oyunlarda fərqləndi. Tbilisi “Dinamo”suna da hər iki matçda qol vurdu. Kim gözləyə bilərdi ki, belə ağır zədə olar? Bəli, gərək həmişə ehtiyat qüvvən olsun. Baş məşqçimiz də son mətbuat konfransında dedi ki, istədiyimiz futbolçuları gətirməyə bilərik. Ancaq indi gələnlər də həmin dövrdə gəlməzdilər. Sonradan müqavilə imzaladığımız bəzi oyunçuların gəlişi imkanlarımızın xaricində oldu. Nikita Rukavitsa Bakıda idi, danışıq alınmadı. Onun kimi, neçəsi gəlmək istəmədi. Xorxe Korrea Türkiyə Super Liqasından bir neçə klubun maraq dairəsində idi. Bezerra Qətər çempionatından gəlib. Hansı ki, Qətər klubunun hansı maliyyə imkanlarının olduğunu təxmin edə bilərsiz. Ramon bir növ bəxt amilindən yarandı, onu son anda gördük. Onu daha əvvəl gətirmək imkanımız var idi. Sadəcə, təklif edən yox idi. Uqo Basto və Romen Bask da kollektivə gec qoşuldular. Baskın “Havr”la hələ müqaviləsi var idi. Öz aralarında danışıq olub, ordan çıxa bilib. Onun transferinə pul ödəməmişik. Basto isə Portuqaliyanın ikinci divizionunun çempion komandasında əsas rol oynayırdı. Portuqaliya elitasından bir neçə təklifi də var idi, dəyərləndirirdi. Bask və Basto ilə bir ay danışıq getdi. Çünki yaxşı futbolçular gətirmək istəyirdik. Transfer, yer doldurmaq xatirinə futbolçu gətirmək istəmədik.

“Transfer siyasətində dəyişikliklər etdik”

- Azarkeşlər əsasən avrokuboklardan uzaqlaşdıqdan sonra transferlər etməyinizə narazılıq bildirdilər ki, bu oyunçuları niyə may-iyun aylarında gətirmədiniz?
- Əvvəla mayda transfer mümkün deyildi. Mayın 19-da çempion olduq, ayın axırından etibarən ola bilərdi. Komandadan kimlərin gedəcəyini də hələ bilmirdik. Mövsüm bitdikdən 3-5 gün sonra baş məşqçi komandadan getməsini istədiyi futbolçuların siyahısını verdi. Onda hansı mövqelərə oyunçu lazım olduğunu bildik. Sonra sıradan çıxan bəzi futbolçular oldu. Bəziləri zədələndi, onun yerinə oyunçu axtarışına çıxmalı olduq. Halbuki bu, planlaşdırılmırdı. Transfer siyasətində dəyişikliklər etdik. “Neftçi” Çempionlar Liqasında çıxış edirdi və istənilən futbolçu bu amili nəzərə alıb öz qiymətini qaldırırdı. Dünən 3 manata kimsə gəlməyə razı idisə, Çempionlar Liqasında çıxış etdiyimiz üçün 5-6 manata gəlir. Bu, çox sadə prinsipdi. Futbolçu burdan pul qazanır, özünə daha yüksək qiymət qoyur. “Neftçi”nin çempionluğu hamımızı sevindirdi. Ancaq bu amil transfer məsələlərimizə çətinlik törətdi. Futbolçu bilirdi ki, Çempionlar Liqasında oynayacaq, pul qazanacaq.

“Qaymaqlar”ımızı bir neçə kluba təklif etdik”

- Transfer işini yekunlaşdırmısız, yoxsa heyəti gücləndirmə prosesini davam etdirəcəksiniz?
- Xorxe Korreadan sonra transfer məsələmiz bağlandı. Məncə, heyətimiz kifayət qədər keyfiyyətlidir. Baş məşqçinin istədiyi mövqelərə oyunçular alınıb. Bu prosesdə müəyyən dəyişikliklər etdik. Ola bilsin ki, bəzi mövqelərdə müəyyən axsamalar var. Yerli futbolçuların nisbətən az olması vurğulanır. Amma mən bununla razı deyiləm. Ötənilki əsas heyətdən Azərbaycan pasportuna sahib olan iki oyunçu Anton Krivotsyuk və Namik Ələskərov getdi. Digər gənclər əsasən əsas heyətə namizədlər sayılırdı. Premyer Liqada 100-dən çox oyun keçirən Xəyal Nəcəfovu dəvət etdik. Namikin gedişi isə gözlənilməz oldu. Yəni Namik qalsaydı, yalnız Antonun əvəzinə yerli futbolçu gətirmək bəs edərdi. Götür-qoy etdik, birinci divizionda çempion olan komandamızın üzvlərinə də baxdıq. Hətta onların içindən “qaymaqlar”ı bir neçə kluba təklif etdik. Hansı ki, onlar gənclər millimizin üzvləridir. Sonradan gördük ki, bizə daha çox lazımdılar, göndərmək fikrindən vaz keçdik, özümüzə saxladıq. Onları icarəyə verəcəkdik ki, gedib “bişsinlər”, sonra qayıtsınlar. “Neftçi” üçün normal haldır. Hazırda 3 futbolçumuz çempionatımızın digər klublarında icarədədi. Biri “Səbail”də, ikisi “Keşlə”dədi. Baxmayaraq ki, Rəhman Hacıyev cavan deyil.

- “Neftçi” kimi iddialı klubun futbolçusu autsayder “Keşlə”də nə qazanacaq?
- Ən azı oynayacaq. Turan Vəlizadə hazırda bütün matçlarda çıxış edir. “Neftçi”dəki rəqabət ona bu imkanı verməzdi. Onun mövqeyində Mamadu Kane və Romen Bask var. Həmçinin onların arxasınca gələn Emin Zamanov, Fərid Yusiflinin də adını çəkə bilərəm. Söhbət “Keşlə”dən və ya hansısa klubdan yox, Premyer Liqadan gedir. Bizim üçün önəmlisi odu ki, oyunçu elitada mübarizə aparacaq. Kimlərə qarşı oynadığını da yaxşı bilirsiz. Həmçinin fikirləşdik ki, riskli olsa da, öz oyunçularımıza da şans yaradaq. Düzdü, Avropa 19-21 yaşlı oyunçuları yetişmiş kimi qəbul edir. Biz hələ onlara perspektiv kimi baxırıq. Ola bilər ki, bu da bizim problemimizdi. Həmin futbolçu əsas komanda ilə məşq edir, oyunlara gedir, iştirak ərizəsində olursa, bu özü təcrübə deməkdi. Onu “yandırmaq” iki vur ikidi. Bir az pul, diqqət görsə, fərqli ola bilər. Tənqid də edilə və buna dözməyə bilər. Cavan futbolçular böyük klublarda özlərini “yandıra” bilərlər. Elə buna görə də 22-23 yaşa kimi onları nisbətən təzyiq altında olmayacaqları kluba göndərmək istəyirdik. Yenə də risk etdik. Vüsal Əsgərov, Əlizadə oynayıb, İsmayıl Zülfüqarlı isə hətta avrokuboklarda daha çox oyun şansı qazandı. İsmayıl hətta qol da vurub. Bu futbolçular gələcəkdə “Neftçi”də əsas heyətin üzvlərinə çevrilə bilərlər. Bu da “Neftçi”nin tarix boyu missiyalarından biridir ki, öz yetirmələrinə güvənir. Bəli, 1-2 yerli statusa malik futbolçu gələ bilərdi. Ancaq gənclərimiz həmin boşluqları yavaş-yavaş dolduracaqlar.

“İndiki heyət ötən mövsümdəkindən yaxşı olacaq”

- Mövsümün startı ilə müqayisədə nisbətən geniş heyətə maliksiniz. Sizcə, bu komanda ötən mövsümdəki gücdə olacaq, yoxsa ondan da yaxşı?
- Ehtimal edirəm ki, ondan daha yaxşı olacaq. Hansı futbolçunun keyfiyyətli və ya keyfiyyətsiz olduğunu demək tezdi. Texniki heyət onların keyfiyyətinə baxıb dəvət edib. 7-8 turdan sonra kimin nəyə qadir olduğu hamıya bəlli olacaq. “Neftçi” üçün vacib oyunçular itirmişik. Amma onların yerini dolduran futbolçuları tapmışıq. Üstəlik, başqa mövqelər üçün daha yaxşılarını gətirmişik. Namiklə Anton bizim üçün itkidir, ancaq yerlərini doldura bildik. Uqo Basto kimi müdafiəçi gəlib. Romen Bask da arxa xətdə çıxış edə bilir. Hücumda Namik və Ahmed Ahmedovla yollarımızı ayırdıq. Ancaq Cənubi Amerikadan gətirdiyimiz iki ön xətt oyunçusu bizə çox kömək edəcək.

- Xəyal Nəcəfovun adını çəkdiniz. Amma çoxları onun “Neftçi”yə layiq futbolçu olmadığını iddia edir...
- Bunu deyənlərin öz həqiqətləri, futbola baxışları var. Bir qrupdan 11 nəfəri dəvət edək və qarşılarına vərəq-qələm qoyaq. Deyək ki, “Neftçi”yə 20 futbolçu yazın. Görəcəksiniz ki, 30-40 faiz fərqli fikirdə olacaq, ayrı-ayrı heyətlər quracaq. Amma nəticəmizə və oyununa cavabdeh olan texniki heyətimizdi. Onların fikri mənim üçün əsasdı. Azarkeşin olması mənə vacibdi. Oyuna gəlirlər, sosial mediada fikirlərini səsləndirirlər. Deməli, “Neftçi”yə maraq var. Buyursunlar, nə fikirdədilərsə, desinlər. Xəyal Nəcəfovu uşaqlıqdan tanıyıram, “Sumqayıt”da böyüyüb. O, bizə xeyir verəcək. Yerli futbolçu kimi keyfiyyətləri var. Demirəm ki, Xəyal birdən-birə “Neftçi”nin lideri olacaq. Amma mən də, baş məşqçi də, texniki heyət də komandamıza xeyir verəcək səviyyədə olduğunu düşünürük. Futbolçuların özləri ilə də söhbətlər edirəm. Biz Xəyaldan razıyıq. “Sumqayıt”da maksimum səviyyəsinə yüksəlmişdi. “Neftçi”dəki komanda yoldaşları daha keyfiyyətli futbolçulardı. Onlarla bərabər məşq edib oyunlara çıxmaq da təcrübə gətirir. Futbolçu 22-23 yaşa qədər keyfiyyətini artırır. Ondan sonra ancaq təcrübə toplayır. 22-23 yaşdan sonra yeni nəsə gözləmək mümkün deyil. Xəyal da burda təcrübə toplayacaq.

“Kapitanı satmazlar”

- Bir çoxları nədənsə Emin Mahmudovu “Qarabağ”da görmək istəyir. Ancaq Emin oyunu ilə “Netçi”nin dəyəri olduğunu göstərib. Onu xaricə satıb pul qazanmaq, yoxsa komandada saxlayıb “Neftçi”nin əfsanəsinə çevirmək variantı sizin üçün daha cəlbedici görünür?
- Xeyr, onu satmaq planımız yoxdu. Birincisi, kapitanı satmazlar. Kapitan o sarğını “Neftçi”yə dayaq olmaq üçün taxır. “Neftçi”də nə qədər futbolçu Emin Mahmudova baxıb yetişir. Emin 2017-ci ildən burdadı.

- Amma Eminin 2018-ci ildə “Qarabağ”a keçmək variantı da olmuşdu...
- Həmin ərəfədə “Neftçi”ni seçdi, bu kluba canını qoydu, komandanı çempionluğa daşıyanlardan oldu. Emini başqa komandada görmürəm. Əgər şəxsi istəyi olmasa. “Neftçi”də böyük karyera yaşayır. Rusiya, Portuqaliya yüksək liqasında oynayıb, Azərbaycanın ən məşhur klubu hesab etdiyim “Neftçi”yə kapitanlıq edir. Eminlə bağlı başqa planımız ola bilməz. Kapitanın bizimlə uzunmüddətli müqaviləsi var. Planlarımız isə yalnız “Neftçi” ilə bağlıdı.

“Namik avrokuboklardakı çıxışı bitirib, sonra gedə bilərdi”

- Namik Ələskərovun “Bursaspor”a keçidi dönəmində FİFA-ya şikayətiniz gündəmdə idi. Həmin məsələ nə yerdə qaldı?
- Namikin “Bursaspor”da artıq iki qol ötürməsi var. Ona uğurlar arzulayırıq. Namikin transferi texniki məsələlərə görə yubanırdı. Müəyyən məbləğ ödənilməli idi, onda gecikmə yaranmışdı. Bizdən irəli gəlməyən problemlər də var idi. Müqavilənin maddəsinə görə, onun şəxsi hesabından pul ödənilmişdi. Bank qəbul eləmədi, futbolçu sonra rəsmi məktub verdi. Biz o pulu qanun çərçivəsində qəbul elədik. Bir düyməni basmaq lazım idi.

- “Neftçi” ilə “Bursaspor” qardaş klublar sayılırdı və qardaş dediyiniz komandanı şikayət etmək..
- Biz xalq, millət olaraq qardaşıq. “Bursaspor”da bizimlə əməkdaşlıq edən adamlardan bəlkə 1-2-si qalıb ki, hazırda klubun başında deyil. Əvvəllər klubun prezidenti Ali Ay, vitse-prezidenti Cem Öztürk idi. Altuq Günaydın da baş menecer vəzifəsində çalışırdı. Bursaya gedəndə onlarla əməkdaşlıq müqaviləsi imzalamışdıq. Onlardan ikisi ilə danışmışam. Namik məsələsinin niyə belə olduğunu onlar da anlaya bilmirlər. Onun Bursaya getməsi problem deyil. Futbol baxımından problemlə üzləşdik, hücumçumuzu itirdik. Bunu başqa formada da etmək olardı.

- “Bursaspor” qısa müddətdə iki dəfə baş məşqçi dəyişib. Bunun Namikə mənfi təsiri ola bilər?
- Hansısa uğursuz seriyadan sonra insanlar baş məşqçini istefaya səsləyir. Dəyişməklə hər şey alınırmı? Birdən-birə ev tikmək olar? Dözümlü olmalısız. Türkiyə Super Liqasında cəmi 6 klub çempion olub ki, onlardan biri “Bursaspor”du. Yaxın dostumuz Ərtuğrul Sağlam o komandanı çempion edib. İstərdik ki, klub nə vaxtsa öz əzəmətini, ambisiyalarını qaytarsın. Allah Namikə yaxın gələcəkdə Super Liqa yolu açsın. Ölkəmizi də orda təmsil eləsin.

- “Bursaspor” qısa zamanda 2 baş məşqçi dəyişirsə, deməli, komandada problem var. Bu səbəbdən Namik bir müddət sonra “Neftçi”yə qayıtmaq istəsə, reaksiyanız necə olar?
- Bu, Azərbaycan futboluna ziyandı. Gərək istək özündən gəlsin. Bunu danışmaq da asandı. Yəqin ki, fasilələrdə Azərbaycana gələndə 5 il ona doğma ev olmuş klubuna baş çəkəcək. Bir-birimizin üzünə yenə baxarıq. Mənim üçün yad adam deyil. Ondan yaşda da böyüyəm, təcrübəm də var. Bilirəm ki, insanlar bəzən yaxşı əməl etmək istəyəndə bunun düzgün yolunu seçmirlər. Namik ən azı avrokuboklardakı çıxışı bitirib gedə bilərdi. O barədə söhbətimiz də oldu. Yenə də onun Türkiyədə uğurlu olmasını arzulayıram. Xaricdə oynayan tək-tük futbolçularımızdandı. Azərbaycan futboluna xeyir verəcək səviyyədədi.

“1-2 il burda oynayıb, Avropaya getmək istəyir”

- Mərt Çelikin icarə müqaviləsi mövsümün sonuna qədərdir və deyilənə görə, “Başakşəhər” İspaniya, Almaniya kimi ölkələrdən təkliflər alır. Sizin Mərtlə bağlı gələcək planınız nədir?
- Mərtin özünün istəyi çox böyükdü. Ən azı 1-2 il burda oynayıb, sonra Avropaya getmək istəyir. Özü və ailə üzvləri ilə görüşüm olub. Bu məsələyə çox peşəkar yanaşırlar. Super Liqa çempionunun heyətində böyük futbolçularla məşq etməkdənsə, Azərbaycanın ən böyük klubunda oynamağı seçib. Bundan gözəl nə ola bilər? Azərbaycanla Türkiyədə bir fərq qoymuram. Ora da, bura da Vətəndi. Mərt burda oynayıb Avropaya çıxmaq istəyir. Çalışacağıq ki, ya transfer hüquqlarını alaq, ya da icarə müqaviləsini artıraq. (Matç.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X