"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə UEFA Konfrans Liqasının qrup mərhəlisinin II turunda "Omoniya"ya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, Qurbanov sabah keçiriləcək görüşə yüksək əhval-ruhiyyə ilə çıxacaqlarını bildirib:
"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdən bir az fərqlidir.
Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik.
Qurban Qurbanov rəqib haqda da danışıb: "Rəqiblərimizə qarşı çox diqqətli və istəkli olmalıyıq. Qarşımızda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilən bir kollektiv var. Komanda oyununa üstünlük verən rəqibə qarşı mübarizə aparacağıq. Bu, "Omoniya"nın ən üstün tərəflərindən biridir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var".
Xatırladaq ki, sabah Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Emin Şəmsiyev