Azərbaycan millisinin də iştirak etdiyi qadın şahmatçılar arasında dünya çempionatının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İspaniyanın Sitjes bölgəsində təşkil olunan 8-ci mundialda çempionluğun taleyinə Rusiya və Hindistan yığmaları aydınlıq gətirib. Aleksandra Qoryaçkina, Katerina Laqno, Aleksandra Kostenyuk, Polina Şuvalova və Alina Kaşlinskayadan ibarət Rusiya kollektivi hər iki qarşılaşmanı üstün tamamlayaraq baş mükafata sahib çıxıb - 2,5:1,5, 3:1.
Bu, rusiyalı xanımların tarixdə ikinci çempionluğu olub. Onlar bunadək 2017-ci ildə Xanti-Mansiyskdə baş tutan mundialda birincilik sevinci yaşamışdılar.
Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarovadan ibarət Azərbaycan millisi hər iki finalçı ilə birlikdə A qrupunda yer almışdı. Zəkalarımız ilk turda Hindistanla heç-heçə edib, III turda Rusiyaya 0,5:3,5 hesabı ilə uduzmuşdu. Qrup dördüncüsü kimi 1/4 finala adlayan xanımlarımız burada digər qrupun lideri Gürcüstanla üz-üzə gəlmiş və iki oyunun nəticəsində məğlub olaraq mübarizəni dayandırmışdı - 0,5:3,5, 2:2.
Sahib Əsədbəyli