Azərbaycanın üç karateçisi Rusiyanın paytaxtı Moskvada keçirilən Karate1 Premyer Liqa turnirində medal qazanıb.
Fanat.Az xəbər verir ki, Tokio 2020-nin gümüş mükafatçısı İrina Zaretska (-68 kq) Olimpiadadan sonra çıxış etdiyi ilk yarışı "bürünc"lə başa vurub. Yarımfinalda italiyalı Silviya Semeraroya uduzan 25 yaşlı karateçimiz üçüncülük uğrunda görüşdə ispaniyalı Adriana Alvaresi yenib.
Kişilərin -84 kiloqram çəki dərəcəsində yarışan Pənah Abdullayev və onun +84 kq-dakı komanda yoldaşı Asiman Qurbanlı da turniri üçüncülüklə tamamlayıb. Abdullayev "bürünc" qarşılaşmasında niderlandlı Brayan Timmermansı, Qurbanlı isə mərakeşli Məhəmməd Əl-Bəhrini üstələyib.
Digər təmsilçilərimizdən ən yaxşı nəticəyə Tural Ağalarzadə imza atıb. Kişilərin -67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız medalın bir addımlığında avstriyalı rəqibinə uduzaraq beşinci yerlə kifayətlənib.
Bildirək ki, Tokio 2020-də gümüş medal qazanan digər karateçimiz Rafael Ağayev yarışa qatılmayıb. Millinin-75 kq çəki dərəcəsindəki üzvünün adı ilkin heyətdə yer alsa da, 5 qat dünya və 11 qat Avropa çempionu yorğunluğunu əsas gətirərək Rusiya paytaxtına yoılanmaqdan imtina etmişdi.
Qeyd edək ki, 55 ölkədən 400-dən çox idmançının iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
Sahib Əsədbəyli