Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə start verəcək.
Fanat.Az xəbər verir ki, yığmamız bir həftə ərzində üç oyun keçirəcək.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda startda Norveçlə qarşılaşır. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Millimizin yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunur. Yeniyetmələr 3 gün sonra Belçika, oktyabrın 12-də isə Lüksemburqla qarşılaşacaq.
U-17 AÇ-yə itkilərlə başlayacaq. Belə ki, Belçikada millinin üç üzvündə - müdafiəçi Həmzəalı Mikayılov, yarımmüdafiəçilər Adəm Topalovla İbrahim Ağayarovda koronavirus testi pozitiv çıxıb və onlar karantinə alınıblar.
Qeyd edək ki, 17 yaşlılar arasında Avropa çempionatında 2020/21 mövsümü koronavirus pandemiyası üzündən baş tutmayıb. Komandamız indiyədək baş tutan 26 mövsüm ərzində 25 dəfə seçmə yarışa qatılıb və cəmi 5 dəfə ilk səddi adlaya bilib. Sonuncu belə uğur 2014/15 mövsümündə qeydə alınıb. Ümumiyyətlə isə komandamız 25 seçmə, 5 elit, 1 final mərhələsində qüvvəsini sınayıb. Belə ki, 2015/16-da final mərhələsi ölkəmizdə keçirilib.
Avropa çempionatı
Seçmə mərhələ
I tur, 3-cü qrup
6 oktyabr
Azərbaycan (U-17) - Norveç (U-17)
Hakimlər: Haris Kaljanaç, Amer Maçiç (hər ikisi Bosniya və Hersoqovina), Mişel Seldrayers, Arthur Denil (hər ikisi Belçika).
Tubize. Milli Məşq Mərkəzi.