"İrlandiya ilə sabahkı görüşə 3 xallıq oyun kimi baxırıq. Ola bilsin, rəqib müəyyən komponentlərdə bizdən güclüdür. Amma səfərdəki oyun göstərdi ki, bizim də onlar qarşısında üstün olduğumuz məqamlar var və biz onlardan istifadə etməklə qalib gələ bilərik".
Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış futbol meneceri Səbuhi Səfiyarlı millimizin Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya ilə keçirəcəyi oyun barədə danışarkən deyib.
Səfiyarlı millimizin qarşıdakı oyunda necə oynamalı olduğunu faktlarla əsaslandırıb:
"İrlandiya ilə oyun barədə fikir bildirmək üçün əvvəlcə bizim bu rəqiblə birinci oyunu analiz etmək lazımdır. Orda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Həm nəticə, həm də oyun etibarilə 3 xal qazanmağa yaxın idik. Cəmi bir neçə dəqiqə davam gətirə bilmədik və qələbəni əldən verdik.
İlk oyunda bizim yarımmüdafiənin mərkəzi İrlandiyanın orta sahəsindən daha güclü idi. İrlandiyanın DÇ-dəki son oyunlarını, eləcə də yoxlama görüşlərini təhlil edəndə görürük ki, hər dəfə meydana 3-5 dəyişikliklə çıxırlar. İki oyun ardıcıl eyni "11-lik"lə meydana çıxmayıblar. Start heyətindəki bu dəyişikliklər də əsasən orta sahə oyunçuları ilə bağlı olur. Daha doğrusu, yarımmüdafiənin mərkəzi ilə bağlıdır. Baş məşqçi dayaq və mərkəz yarımmüdafiəçilərini tez-tez dəyişir. Bu o deməkdir ki, məşqçi həmin mövqedə çıxış edən müdafiə və hücumameylli yarımmüdafiəçilərin heç birinin oyunundan razı deyil, istədiyini ala bilmir. Bizimlə oyun barədə fikirlərində də qeyd etmişdi ki, Azərbaycan yarımmüdafiədə bizi üstələdi. Həqiqətən də həmin görüşdə Qara Qarayev, Emin Mahmudov və Filip Ozobiç ortada topu daha yaxşı saxlayırdı və rəqibi belə desək, neytrallaşdıra bilirdi.
Evdəki oyunda da azı səfərdəki kimi, hətta bu dəfə daha ürəkli oynamalıyıq. Hesab edirəm ki, komandamız hücumameylliyi artırmalıdır. Namik Ələskərov və Mahir Emreli topla oynamaq baxımından yarımmüdafiəçilərimizdən geri qalmırlar. Belə desək, hücumameylli "beşlik" topla çox yaxşı davrana bilir. Bu baxımdan irlandları üstələyirik. Yenə də diqqətli olmalı olduğumuz məqamlar hava topları, cinah asmaları və standart vəziyyətlərdir. Rəqib yarımmüdafiənin mərkəzindəki zəifliyi cinah həmlələri ilə kompensasiya etməyə çalışacaq.
İlk oyunda onlar hesabda geri düşəndən sonra, xüsusilə də 80-ci dəqiqədən etibarən taktikanı dəyişərək iki hücumçulu sistemə keçmişdi. Təəssüf ki, həmin vaxt bizim baş məşqçi artıq bütün əvəzetmə limitindən yararlanmışdı. Buna görə kənardan oyunçu ilə müdaxilə edə bilməmişdi. Canni De Byazi meydan saiblərinin hansısa son həmlə edəcəyini nəzərə almamışdı. Halbuki, təcrübəli mütəxəssis irlandların addımlarını, taktiki gedişlərini sona qədər izləməli, dəyişiklikləri cavab olaraq həyata keçirməliydi.
Fikrimcə, son dəqiqələrdə daha bir hündürboylu müdafiəçi meydana buraxmaq effektli olardı. Müdafiə xəttimiz 90 dəqiqə təzyiq altında qalmışdı və səhv buraxmaq ehtimalı çox idi. Baş məşqçi isə əksinə, hücum xəttində dəyişiklik etdi, Mahir Emrelini və Namik Ələskərovu dəyişdi. Bakıdakı oyunda bu kimi səhvlərə yol verməməliyik. Əgər qol vurub hesabda önə keçəcəyiksə, rəqibin təzyiqinin artacağını nəzərə almaq lazımdır. Belədə müdafiə xəttində dəyişiklik edib yeni oyunçu buraxmaq gərəkəcək. İmkan vermək olmaz ki, 90 dəqiqə müdafiədə eyni oyunçular qalsın. Çünki istər-istəməz oyunun sonuna yaxın yorğunluq yaranır və səhv etmək ehtimalı artır. Sabah bu səhvi təkrarlamasaq və yenə yarımmüdafiənin mərkəzində topa hakim ola bilsək, görüşdən rahat şəkildə 3 xalla ayrılmaq mümkündür".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
Mirağa