Futbol üzrə milli komandandalarımızın oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 2 həftəlik fasilə yaranıb.
"Sumqayıt" klubu fasilədən yararlanmağa çalışıb.
Klubun baş məşqçisi Ayxan Abbasov Fanat.Az-a açıqlamasında komandanın bu müddəti necə dəyərləndirdiyindən bəhs edib:
"Çalışdıq fasiləni dəyərləndirək. Bir çox oyunçumuz əsas və U-21 millimizin düşərgəsində idi. Komandada qalan futbolçularla iki həftəlik hazırlıq keçdik.
"Keşlə" (0:1) ilə yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. Bu görüş Premyer Liqada az oynayan futbolçulara oyun praktikasının artımı baxımından önəmli oldu. Bildiyiniz kimi, çempionat gərgin keçir, zədələr, vərəqələr çoxalır. Ona görə hər bir oyunçuya ehtiyacımız olur. Onların tonusda olması üçün belə bir həftə keçirdik.
İnşallah, millidən gələn futbolçular da bu gün komandaya qoşulacaq. Şükürlər olsun ki, zədə olmayıb. Komanda tam şəkildə bir yerdə hazırlaşacaq. Qarşıda bizi gərgin oyunlar gözləyir".
Qeyd edək ki, 6 turdan sonra "Sumqayıt" 7 xalla 5-ci sırada qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 17-də "Neftçi"yə qarşı keçirəcək.
Röya