“Sumqayıt” – “Neftçi” matçı gərginliyi ilə yanaşı, oyunətrafı maraqlı məqamları ilə də yadda qaldı. Yaşanan bəzi olaylarla sizləri də tanış etmək istəyirik.
Oyunun əvvəllərində “Neftçi” azarkeşlərinin yerləşdiyi tribunada insident yaşandı. Fanatlarla asayiş keşikçiləri arasında yaranan gərginliyin böyüməsinin qarşısını isə “Neftçi” rəsmiləri aldı. Bunun səbəbi qonaq azarkeşlərə ayrılan tribunalar dolduğu üçün asayiş keşikçilərinin onları stadiondan çıxarmaq istəməsi idi. Ancaq fanatlar tribunaları tərk etmək istəmədiklərini bildirdilər. Nəhayət klub rəsmiləri polislərlə danışıq apararaq həmin azarkeşləri tribunada yer almasını təmin etdilər.
Oyunu izləməyə gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov əyləşməyə yer tapmayınca azarkeşlərin yerləşdiyi tribunanın üzərindəki VİP zonaya tərəf yollandı. Bu zaman xeyli sayda azarkeşin şəkil çəkdirmək üçün Rəşada yaxınlaşması diqqətimizdən yayınmadı. Sadıqov bir müddət sonra media üçün ayrılmış tribunada da əyləşdi. Ancaq şəkil çəkdirmək istəyənlərdən canını qurtara bilmirdi ki, bilmirdi.
Matçı izləyənlər arasında tanınmış futbol adamları və yığmamızın baş məşqçisi Canni De Byazi də var idi.
Qarşılaşmanın əvvəlində Azərbaycan himni səsləndirilərkən yaşlı, nurani bir kişinin himnin sözlərini kağızdan oxuyub təkrarlaması da maraqlı mənzərə idi. Himn bitdikdən sonra o, əllərini göyə qaldırıb dua etdi.
Gündüz olmasına və meydançada heç bir görüntü problemi yaranmamasına rəğmən, işıqlandırma cihazları hələ oyundan əvvəl qoşulmuşdu.