Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları başa çatdı.
Bu, həm də o deməkdir ki, birinci dövrəyə yekun vuruldu. Turnir cədvəlinin şəriksiz lideri “Qarabağ” ilk dövrədə uduzmadısa, sonuncu pillənin sahibi “Sabah” da qələbə üzü görmədi. İlk dövrənin sonuncu turunda diqqətçəkən məqamlara birlikdə nəzər salaq.
“Səbail” – “Keşlə” 1:2
Qollar: Rauf Əliyev, 71 - Tərlan Quliyev, 68, Anatole Abanq, 81
Bu oyunun nəticəsindən və gedişatından danışmazdan əvvəl bir maraqlı məqama diqqət yetirək. İlk 4 tur ərzində xala həsrət qalan “Keşlə” ardıcıl üç oyundur ki, meydanı xalsız tərk etmir. Halbuki, buna qədər komandanın baş məşqçisi Sənan Qurbanovun istefaya göndəriləcəyi, Zaur Axundovun ona əvəzləyici tapması haqqında xəbərlər dolaşırdı.
“Sabah”dan 3, “Qarabağ”dan 1 xal alan qəsəbə təmsilçisi Bayılda qələbəyə sevinməklə xallarının sayını yeddiyə çatdırdı.
“ASCO Arena”da keçirilən qarşılaşma xeyli sakit məcrada keçirdi və nəticə qolsuz heç-heçə “qoxusu” verirdi. Ta o vaxta kimi ki, Kamran Ağayev “səhnəyə çıxmamışdı”. Təcrübəli qapıçı adi vəziyyətdə topu tutsa da, onu oyuna daxil olmaqda gecikdi və addımlaya-addımlaya cərimə meydançasının hüdudlarını tərk etdi. Bunun da “mükafatı” onun qoruduğu qapıya təhlükəli nöqtədən cərimə zərbəsi oldu ki, Tərlan Quliyev gözəl zərbəylə hesabı açdı. Çox keçmədi ki, Rauf Əliyevin təcrübəsindən yararlanıb hesabı bərabərləşdirdi. Amma bu qol belə “Səbail”i məğlubiyyətdən xilas etmədi. Çünki Anatole Abanq gözəl qolla “Keşlə”ni yenidən önə çıxardı.
Qeyd edək ki, bu qarşılaşma Abanq üçün cəzadan sonra əsas komandada ilk oyun idi.
Aktivində 7 xalı olan “Keşlə” artıq “Sabah”la “Səbail”ə yuxarıdan aşağı baxır. “Dənizçilər” isə 6 xal sayəsində 7-ci pillədə “möhkəmlənib”.
“Qəbələ” – “Zirə” 1:1
Qollar: Ülvi İsgəndərov, 79 - Cəlal Hüseynov, 18
“Qəbələ” yenə alqış qazandı. Düzdür, “qırmızı-qaralar” evdə xal itirdi. Amma Elmar Baxşıyevin komandası xüsusiylə ikinci hissədəki oyunuyla izləyənlərin zövqünü oxşadı, azarkeşlərinə ümid verdi. Hesab isə heç də təəccübləndirməməlidir. Bu iki komandanın əksər görüşləri məhz 1:1 hesabıyla yekunlaşır.
Oyuna gəlincə isə, Rəşad Sadıqovun gənc müdafiəçi Cəlal Hüseynova jestini mütləq vurğulamalıyıq. 18 yaşlı müdafiəçi meydana kapitan sarğısıyla çıxmışdı. Və bu hadisəni hesabı açmaqla əlamətdar etdi. Künc zərbəsindən havalanan topu ustalıqla “çərçivə”yə göndərən Cəlal gələcək üçün böyük ümidlər də vermiş oldu. “Qəbələ”nin cavab qolunu isə Ülvi İsgəndərov vurdu. Onun zərbəsindən sonra top “Zirə”nin müdafiə xəttində yer alan oyunçulardan birinin dizinə dəyərək tora qovuşdu. Bununla da Ülvi mövsüm ərzində vurduğu qolların sayını 4-ə çatdıraraq bombardirlər siyahısındakı yerini möhkəmləndirdi.
Təəssüf ki, hakimin final fitindən sonra baş verən hadisə oyunun gözəlliyinə kölgə saldı. Ehtiram Şahverdiyev “Zirə”nin yunanıstanlı müdafiəçisi Dmitrios Çantakiasa kəllə atdı və bu hərəkətiylə Əliyar Ağayevdən qırmızı vərəqə aldı. Heç şübhəsiz ki, İntizam Komitəsi cəzanın davamını gətirəcək. “Qəbələ”yə pul cəriməsinin veriləcəyi, Şahverdiyevin isə iki və ya dörd oyunda meydan üzü görməyəcəyi məlum məsələdir.
Qazanılan 1 xal Rəşad Sadıqovla Elmar Baxşıyevin üzünü güldürməlidir. Çünki “Qəbələ” ilə “Zirə”nin xalları eynidir və bu komandalar 3-cü, 4-cü pillələri bölüşdürürlər. Deməli, əsas rəqibə uduzmayıb, onun uzaqlaşmasına imkan vermədiyinə görə hər iki komandanın çalışdırıcısı sevinə bilər.
“Sumqayıt” – “Neftçi” 1:1
Qollar: Murad Xaçayev, 50 - Sabir Buqrin, 54
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə həmin sevincdən məhrumdur. Düzdür, “Neftçi” bu tur məğlub olmadı. Özü də “Sumqayıt” “Neftçi”dən xeyli aralıdır. Amma “Neftçi”nin əsas rəqibi “Qarabağ” ondan aralanmağı bacardı. “Ağ-qaralar” artıq liderdən 3 xal geridə qalır. Bu isə çempionluğa iddia edən “xalq komandası” üçün heç də yaxşı görüntü deyil.
Ümumiyyətlə, “Sumqayıt” son mövsümlər “Neftçi” üçün əsl başağrısına, prinsipial rəqibə çevrilib. Elə dünənki 90 dəqiqə ərzində bunu hiss etmək olurdu. Ayrı-ayrı epizodlarda “Sumqayıt” güclü rəqibindən üstün görünür, xeyli istəkli oynayırdı. Elə bunun da nəticəsində Murad Xaçayev 50-ci dəqiqədə gözəl zərbəylə hesabı açdı. “Neftçi”nin bəxti onda gətirdi ki, Sabir Buqrin cəmi 4 dəqiqə sonra hesabı bərabərləşdirməyi bacardı. Dəqiqələr irəlilədikcə komandada məğlubiyyətin gətirdiyi gərginlik artacaqdı ki, “Sumqayıt”ın da qapanması fonunda qol vurmaq daha da çətinləşəcəkdi.
Üzü payıza doğru heyətinə xeyli yeni legioner qatan “Neftçi” hələ də məğlubedilməsi çətin olan komanda görüntüsü vermir. Aqil Məmmədovun qol epizodunda heç yerindən tərpənə bilməməsi, dağınıq müdafiə və kəsərsiz hücum komandanın xeyli problemlərinin qaldığını göstərir. Samir Abasov tezliklə bu problemlərdən çıxış yolu tapmasa, “Neftçi”ni də, onu da çətin günlər gözləyir.
Hazırda 14 xalı olan “Neftçi” 2-ci pillədədir. “Qəbələ” ilə “Zirə”ni isə “ağ-qaralar”dan cəmi 2 xal ayırır.
“Sabah” – “Qarabağ” 1:2
Qollar: Aleksey İsayev, 65 - Filip Ozobiç, 44; Abdullah Zubir, 51
Qırmızı vərəqə: Xulio Sezar Rodriges, 27
“Sabah”ın işi “Qarabağ”la oyunda onsuz da çətin idi. 27-ci dəqiqədə Xulio Sezarın meydandan qovulması məsələni daha da qəlizləşdirdi. Belədə “Qarabağ” “Kayrat”la çətin oyun öncəsi çox da güc sərf etmədən qələbə qazana bildi. Komandanın qollarını isə öz işinin ustası olan əcnəbilər Filip Ozobiçlə Abdullah Zubir vurdu. Aleksey İsayevin 65-ci dəqiqədə gələn qolu heç-heçə üçün ümid yaratsa da, say üstünlüyü olan güclü rəqibə qarşı bunu etmək heç də asan deyildi.
Masazırı təmsil edən “Sabah”ın problemlərinin nə olduğunu demək çətindir. Komanda rəqiblərindən heç də aşkar zəif görünmür, heyət də bu gün üçün normal sayılmalıdır. Qələbəyə həsrət qalan futbolçular bunun gətirdiyi psixoloji gərginlikdən əziyyət çəkir. Sanki onlarda özünəinam hissi qeybə çəkilib. Təcrübə göstərir ki, belə komandalar “tilsimi” qırdıqdan sonra daha yaxşı çıxış etməyə başlayır. Gözümüzün önündə “Keşlə” nümunəsi də var.
“Qarabağ” üçün isə xüsusi nəsə deməyə ehtiyac yoxdur. “Bir addım geri, iki addım irəli” devizi komandanın işinə yarayır və “köhlən atlar” Premyer Liqada inamla liderlik edir. Nəzərə almaq lazımdır ki, “Qarabağ” həm millilərə ən çox futbolçu verən komandadır, həm də avrokuboklarda mübarizə aparır. Deməli, Qurban Qurbanovun üzərinə böyük yük düşür. Bütün bunların fonunda komandanı formada saxlamaq, fiziki yüklənmədən qorumaq vacib şərtdir.
Aktivində 17 xal olan “Qarabağ” çempionatımızın şəriksiz lideridir. Cəmi 1 xal toplamağı bacaran “Sabah” isə bütün rəqiblərindən geri qalır. Görək ikinci dövrə bizi hansı sürprizlərlə qarşılayacaq. Necə deyərlər, yaşayarıq, görərik.
Amal Abuşov