Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Paris "Böyük Dəbilqə" yarışında qızıl medal qazanan cüdoçumuz Balabəy Ağayev (60 kq) ilk "50-liy"ə yüksəlib. 23 yaşlı idmançımız Fransa turnirində əldə etdiyi 1000 xalla 42-ci yerdə qərarlaşıb.
Yarışın bürünc mükafatçısı Hidayət Heydərov (73 kq) isə beş pillə irəliləyişə nail olub. Avropa çempionumuz 25-ci yerdən 20-ci pilləyə qalxıb.
Cüdoçularımızdan ən yaxşı göstərici Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və qadınlardan ibarət millinin üzvü, Tokio 2020-nin bürünc mükafatçısı İrina Kindzerskadadır (+78 kq). Hər üç idmançımız 6-cı sırada yer alıb.
Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) 9-cu, Kəramət Hüseynov (60 kq) 10-cu, Murad Fətiyev 13-cü, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) 20-cidir.
Sahib Əsədbəyli