Azərbaycan boksçusu Məhəmməd Abdullayev dünya çempionatında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, millimizin 92 kiloqramdan yuxarı çəki dərəcəsindəki üzvü 1/16 final çərçivəsində litvalı Yonas Yazeviçiusla üz-üzə gəlib.
Qarşılaşma boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Abdullayev növbəti görüşünü oktyabrın 31-də keçirəcək.
***10:00
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir boksçumuz mundialda ilk görüşünü keçirəcək.
Millimizin 92 kiloqramdan ağır çəki dərəcəsindəki üzvü Məhəmməd Abdullayev 1/16 final çərçivəsində rinqə çıxacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı olan dəri əlcək ustamız litvalı Yonas Yazeviçiusla yumruqlarının gücünü yoxlayacaq.
Qeyd edək ki, dünya çempionatına Azərbaycan 9 boksçu ilə qatılıb. Bunadək mübarizəyə qoşulan təmsilçilərimizdən Məsud Yusifzadə (51 kq), Malik Həsənov (63,5 kq), Tayfur Əliyev (60 kq) və Alfonso Dominges (86 kq) görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə məğlub olaraq yarışla vidalaşıblar.
105 ölkədən 650 boksçunun iştirak etdiyi mundiala noyabrın 6-da yekun vurulacaq. DÇ-nin mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Çempion 100, ikinci yerin sahibi 50, bürünc medalçılar isə 25 min dollar qazanacaq.