"Doğma divarlar arasında mübarizə aparmaq daha çətindir. Bakı "Böyük Dəbilqə"sinin məsuliyyəti mənim üçün həmişə böyük olub".
Bunu Fanat.Az-a Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə hazırlığı barədə danışarkən kişilərdən ibarət cüdo millimizin 66 kiloqram çəki dərəcəsindəki üzvü Orxan Səfərov deyib.
Avropa çempionu və dünya çempionatlarının ikiqat mükafatçısı Tokio-2020-dəki uğursuzluqdan sonra məşqlərə adaptasiya olmağın çətin olduğunu bildirib:
"Olimpiadadan sonra bir ay istirahət elədim. İki aya yaxındır ki, bu yarışa hazırlaşırıq. Olimpiadadan sonra məşqlərə adaptasiya olmaq asan olmur. Orada məğlub olmusansa, bu, ümumiyyətlə, çətindir. Ancaq yenə də əlimizdən gələn qədər hazırlaşmışıq. Medal üçün güləşəcəyəm. Bu yarışdakı nəticə mənim üçün önəmlidir".
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək. Turnirdə 31 ölkədən 200-dən çox cüdoçunun iştirakı gözlənilir.
Sahib Əsədbəyli