“Sumqayıt” – “Səbail” matçı meydan sahiblərinin inamlı qələbəsi və qonaqların aldığı "qırmızı" ilə yanaşı, oyun ətrafında baş verən bəzi məqamlarla da yadda qaldı.
* Qarşılaşmanı izləyənlər arasında millimizin baş məşqçisi Canni De Byazi də var idi. İtaliyalı çalışdırıcı VİP zonada, “Sumqayıtın” prezidenti Riyad Rəfiyev və digər klub rəsmiləri ilə birlikdə oyuna tamaşa etdi.
* İkinci hissənin əvvəlində “Səbail”in müdafiəçisi Adil Nağıyev top uğrunda mübarizə zamanı başından zədə aldı. Həkimlər onun başını sarıyıb meydançadan kənara çıxarsa da, futbolçu israrla oynamaq istədiyini bildirdi və buna nail oldu. Hətta müdafiəçi olmasına baxmayaraq, matçın sonlarında hücumda da gözə dəyirdi.
* İkinci hissənin ortalarında ara qarışdı. “Səbail”in hücumçusu Nikolas Raysellə rəqib müdafiəçi Höccət Haqverdi top uğrunda mübarizə zamanı toqquşdular. Hər iki futbolçu yerə yıxılsa da, Haqverdinin zədəsi daha ciddi idi. Millimizin üzvü burnundan zərbə almışdı. Belədə həkimlər meydana daxil olub müdaxilə etdi. Sumqayıtlılar hakimdən Rayselə qırmızı vərəqə tələb etdilər. Höccət də yan hakimə tərəf gedərək sarğılı burnunu ona göstərib ciddi zədə aldığını və rəqibin meydandan qovulmasını istədi. Nəticədə futbolçular arasında gərginlik yaşandı. Ətrafdakıların müdaxiləsindən sonra ayrılan futbolçuları baş hakim Fərid Hacıyev cəzalandırdı. O, Rayseli qırmızı vərəqə ilə meydandan qovdu, Haqverdiyə isə "sarı" göstərdi. Meydançanı tərk edən zaman Rayselin Höccətə yaxınlaşıb nələrsə deməsi də diqqətimizdən yayınmadı.
* “Sumqayıt”ın iranlı hücumçusu Səid Rza 74-cü dəqiqədə vurduğu qoldan sonra jest etdi. O, azarkeşlər olan tribunaya yaxınlaşıb əsgər salamı verdi.
* Stadionda oyunun hesabını və dəqiqəni göstərən tabloda problem vardı. İkinci hissəyə qədər bir neçə dəfə yanıb-sönməklə işlədi. Ancaq 77-ci dəqiqədən sonra demək olar çalışmadı və sönmüşdü.
* Matçı canlı yayımlayan “CBC Sport”un texnikası xarab olmuşdu. Təsadüfi deyil ki, telekanala məxsus həmin texnika oyundan sonra qarajına evakuatorun üstündə getməli oldu.
Səbuhi Nərimanoğlu