"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis avrokuboklarda məğlubiyyətsizlik seriyasını öz üçün xoş hal hesab etsə də, bunun müəyyən narahatlıq yaratdığını söyləyib:
"Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq. Bu seriyanı davam etdirmək istəyirik. Amma hər uğurlu nəticənin bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum motivə olmağa çalışırıq. İnanıram ki, sabah bu seriyanı yox, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Deməzdim ki, burada hansısa gizli nə isə var. Amma hər halda bu xoşdur. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik".
Qurbanov Almatıdakı soyuq hava şəraitinin hər iki komanda üçün eyni olacağını vurğulayıb:
"Təbiətdə pis hava olmur. Futbolçulara demişəm ki, biz çətinliklərə dözməli və daha möhkəm olmalıyıq. Bəzən belə çətinliklər bizə əlavə motivasiya verir. Soyuq havanı gözləyirik. Amma hər halda səfərdə oynamağımıza baxmayaraq, hər iki komanda üçün eyni şərait olacaq". .
Təcrübəli mütəxəssis hazırda 7 xala malik "Qarabağ"ın qrupdan çıxma şanslarını da dəyərləndirib:
"Bizim sabahkı matçla birlikdə qarşıda hələ 3 oyunumuz var. Hər matçda qalib gəlmək və yaxşı oynamaq istəyirik. Qarşımıza məqsəd qoymuşuq ki, istənilən rəqibə qarşı yaxşı mübarizə aparaq. Bu gün futbolda mübarizə həddindən artıq çox önəmlidir. Biz bunu bacarsaq, inanıram ki, oyunumuz daha da yaxşılaşacaq. Belə olacağı halda, nəticə daha çox bizim düşündüyümüz kimi olacaq. Sabahkı qarşılaşmada qrupdan çıxma şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək".