Bir neçə gün öncə Türkiyə mətbuatı Okan Burukun futbol üzrə milli komandamızın baş məşqçisi olacağı ilə bağlı iddia irəli sürmüşdü.
Həmin ərəfədə mütəxəssisin fikirlərini öyrənməyə cəhd göstərsək də, Buruk zənglərimizi cavabsız qoymuşdu.
Məsələni dəqiqləşdirmək üçün AFFA-ya müraciət etmiş və qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla iddianı təkzib etmişdi.
Ötən gecə Okan Burukdan sorğumuza cavab gəldi. 48 yaşlı məşqçi Fanat.Az-a bildirdi ki, Azərbaycan Futbol Federasiyası ilə danışığımız olmayıb.
Qeyd edək ki, Okan Burukun son iş yeri Superliqa təmsilçisi "Başakşehir" olub və o, İstanbul klubundan bu ilin yanvar ayında ayrılıb.
Xatırladaq ki, ötən gün DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirən millimiz Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzub. Bununla da Azərbaycan mübarizə apardığı A qrupunda 1 xalla sonuncu olub. Bu məğlubiyyət millimizin baş məşqçisi Canni De Byazini istefaya daha da yaxınlaşdırıb. Belə ki, daha bir türk mütəxəssis Samet Aybaba həftənin əvvəlində mətbuata açıqlamasında AFFA ilə danışıqlar apardığını deyib. Ondan əlavə Fanat.Az-a daxil olan məlumatda yığmanın baş məşqçisi postuna Ersun Yanalın da namizəd olduğunu bildirilib.
Röya Kərimli