Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu turnir batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları olacaq. Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatından sonra gələcəyin batut ulduzları mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, noyabrın 25-28-də təşkil olunacaq yarışda ilkin qeydiyyat siyahısına əsasən, 32 ölkədən 621 idmançının iştirak edəcəyi gözlənilir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər.
Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.