Noyabrın 12-də Yasamal rayonunda növbəti məhəllədaxili stadion istifadəyə verilib.
Fanat.Az xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin dəstəyi ilə tikilən meydança N.Nərimanov küç, 57/24 ünvanında yerləşir.
Meydançanın uzunluğu 32,5, eni 16,5 metrdir. Süni ot örtüyünü AFFA təqdim edib.
Bu, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat olan Elnur Allahverdiyevin təşəbbüsü ilə son 7 ayda tikilən sayca üçüncü məhəllə meydançasıdır. Əsas məqsəd gənclərin və uşaqların sağlam həyat tərzinə həvəsləndirilməsidir. Meydança tikildikdən sonra sakinlərin ixtiyarına verilir.
Meydançanın açılışında Yasamal RİH-nin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, futbol və rayon ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. Açılışda çıxış edən Allahverdiyev bildirib ki “Bu, seçildiyim dairə ərazisində Yasamal RİH, Yasamal Bələdiyyəsi və AFFA ilə müştərək tikilib istifadəyə verilmiş sayca üçüncü stadiondur. Hər üçünün inşası seçicilərimizin xahişi ilə reallaşıb. Yasamal RİH ilə birgə qarşıdakı müddətdə də rayon gənclərinin sağlam həyat tərzinə həvəsləndirilməsi üçün müxtəlif idman qurğuları inşa ediləcək, tədbirlər keçiriləcək”.