Azərbaycanın tanınmış futbolçularından olan Rail Məlikov məşqçiliyə başlayıb.
Veteran müdafiəçi bu mövsüm "Keşlə”də oyunçu kimi qeydiyyata salınsa da artıq yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib. Millimizin sabiq üzvü həm də məşqçilik kurslarına start verib. Hazırda "B” kateqoriyası üzrə kurslara qatılmaqla yanaşı, Bakı klubunda məşqçi kimi fəaliyyət göstərir. Onunla həm futbolumuzun, həm millimizin durumu haqda danışmağın maraqlı olacağını düşündük. Eyni zamanda qarşıdakı planları ilə bağlı bizi məlumatlandırmasını da istədik.
Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Daha yaşıl meydanlarda tez-tez görünmürsünüz. Qarşıdakı planlar necədir?
- Kurslara qatılmışam. "B” kateqoriyası almaq üçün oxuyuram. Məşqçiliyə hazırlaşıram.
- Karyeranızı bitirmək fikriniz var?
- Bəli, belə bir planım var, bitirmək niyyətindəyəm. Bu üzdən gələcəkdə məşqçi kimi fəaliyyət göstərmək üçün kurslara qatılmışam.
- Məşqçiliyə doğru ilk addımlarınızı atırsınız, hazırlıq necə gedir?
- Düşünürəm ki, bir az gecikmişəm. Amma işlər yaxşı gedir. Sağ olsunlar, bizə hər şeyi ətraflı başa salırlar. 3 modul bitib. Dekabrda, sonuncu, 4-cü modul olacaq. Çalışırıq, Azərbaycan futboluna gələcəkdə töhfə verək. Oynamaqla yanaşı, həm də Sənan Qurbanovun yanında köməkçi məşqçi kimi çalışıram.
- Xeyli müddət futbol oynadınız, davam etməyə həvəsiniz var?
- Futbolçu heç vaxt fuboldan doymur. Müəyyən istisnalar ola bilər. Amma insan doymur. Karyeranı bitirmək, futbolla vidalaşmaq asan deyil. Mənə çox çətin gəlir. Düzdür, məşqlərdə iştirak edəndə, fubolçularla birlikdə olanda adam təsəlli tapır. Amma futboldan bir az kənarda qalanda çətin olur.
- Karyeranızı hansı klubda bitirmək arzunuz vardı?
- "Sumqayıt”dan sonra bu kluba gəldim. Elə karyeramı məhz "Keşlə”də bitirmək istəyirəm. Ümumiyyətlə, bura gələndə məqsədim həm oynayan məşqçi olmaq, həm də gələcək üçün karyera qurmaq idi. Rəhbərliklə də söhbətim olmuşdu. Onlara minnətdaram ki, yol açdılar, dəstək oldular. Təsadüfi deyildi, düşündüm ki, elə karyeramı "Keşlə”də bitirsəm yaxşıdır.
- UEFA-nın tələblərinə görə "B” kateqoriyası üzrə oxuyan məşqçilərin öz komandası olmalıdır. Bu baxımdan sizə şərait yaradıblarmı?
- Bəli, düzdür. "B” kursları 2-3 aydır başlayıb. Mən də "Keşlə”nin 14 yaşlılardan ibarət komandasını götürmüşəm. Uşaqlıqda məşqçim olmuş Arif müəllimlə birlikdə çalışırıq. Sağ olsun, kömək edir. Hər məşqçinin öz komandası olmalıdır. Mikroqrup məşqləri keçirik, gəlib nəzarət edirlər. Bizi lazım olan istiqamətə yönəldirlər. Öz uşaqlıq illərimizə, məşqçilərin bizə məşq keçdiyi dönəmlərə baxanda çox şeylər dəyişilib. Komandamızın 3 oyununda iştirak etmişəm, hamısında qələbə qazanıb. Hər həftə uşaqlara 3 məşq keçirəm.
- Məşqçilik çətindir?
- Çox çətindir, belə düşünmürdüm. Məşqçi olmaq istəyən insan çox çalışmalıdır. PRO kateqoriyalı məşqçilərin işi daha çətindir. Vaxtilə kapitan, aparıcı oyunçu olmuşam, bilirdim ki, sıxıntılar yaranacaq. Həftəlik proqramın olmalıdır. Rotasiyalar edilə, məşqlər dəyişilə bilər. Bunları indidən görməyimiz yaxşıdır. İlk həftədə lap çətin oldu. Uşaqlarla dil tapmaq asan deyil. Psixoloq olmalısan. Hətta birinci dəfə məşq keçəndə, vaxtın tez bitməsini istəyirdim. Çünki istədiyini ala bilməyəndə insan özü sıxıntı çəkir. Həm də futbolda çatışmazlıqlar görəndə adama pis təsir edir, əsəbləşirsən. Getdikcə hər şey öz axarına düşür. İndi uşaqlarla daha mehriban olmuşuq. Onlara öyrəşmişəm. Hər dəfə yeni proqramla gəlirsən, müxtəlif məşqlər keçirsən. Uşaqlar da buna öyrəşirlər. Sağ olsun rəhbərlik uşaqlara futbolu sevdirmək üçün şərait yaradıb. Əvvəlki günlərə baxanda, indi daha rahatdır.
- Bəzi futbolçular karyeralarını bitirdikdən sonra birbaşa daha yuxarı yaşlılardan ibarət və əsas komandalarda çalışmağa üstünlük verir. Bəziləri isə uşaq komandalarından başlamağı üstün tutur. Hansı daha faydalıdır?
- Açığı, bu haqda qərar verməmişəm. Hələ yeni başlamışam. İndidən uşaq futbolunda qalacağım, yaxud böyüklərlə çalışacağım haqda nəsə deyə bilmirəm. Gələcəkdə menecer kimi də fəaliyyət göstərə bilərəm. Bunu gələcək göstərəcək. İstənilən halda məşqçilik etmək fikrindəyəm. Hazırda ən önəmlisi kateqoriya üzrə kursları tamamlamaqdır ki, biliyim olsun. Gələcəkdə "A” kateqoriyası üzrə kurslara da qatılmağı düşünürəm. Hələ uşaq və ya böyük futbolunda çalışmaq, yaxud seleksiyaçı-məşqçi olmaq kimi qəti qərar verməmişəm. Hansı mənə daha münasib olsa, onun üzərində çalışacağam. Sənan Qurbanov mənə etimad göstərir. Nə etmək, fikirləri futbolçulara necə çatdırmaq olar, bunların hamısını öyrənirəm, özümü sınayıram. Ruslan Əmircanov da bizimlə birlikdədir, çalışırıq ki, komandanı inkişaf etdirək. Məncə, pis alınmır.
- Yeri gəlmişkən, "Keşlə”nin Premyer Liqadakı durumu ürəkaçan deyil. Komandanın bu hala düşməsinə səbəb nədir? Hansı çətinliklər var?
- Düzdür, axsamalar var. Mövsümün əvvəlində "qara zolağ”a düşdük. Bəzi oyunlarda yaxşı oynasaq da, uduzduq. Pis oyunlarımız da oldu, ruh düşkünlüyü yaşadıq. Yenə də hamı bir-birinə inanırdı ki, vəziyyətdən çıxa bilərik. Sonra bir oyun heç-heçə etdik, iki qələbə qazandıq. "Neftçi”ni udduq. Komandada iş gedir. Məşqçilər korpusu oyunları analiz edir. Bəlkə kimsə düşünər ki, belə deyil, amma komandada ciddi işlər aparırıq. Qış fasiləsinə qədər maksimum xal toplasaq, yəqin ki, transferlər də həyata keçirilər. Bir neçə nəfəri komandamıza tam uyğunlaşdıra bilərik. Məşqçilərimiz problemlərin aradan qaldırılması yönündə çalışır. İnşallah daha düzgün yola istiqamətlənərik. Komandalarda belə hallar yaşanır. Keçən il də oxşar vəziyyət yaranmışdı, hamı bizi "sildi”. Buna baxmayaraq kuboku qazandıq. Rəhbərlik bizi ruhdan düşməyə qoymur, birlikdə çalışırıq. İnşallah, əziyyətimizin bəhrəsini görəcəyik.
- Bu mövsüm nəyə ümid etmək olar?
- İndidən bu barədə nəsə demək tezdir. Komanda hər iki cəbhədə sona qədər "döyüşəcək”. Keçən il çempionat əldən getdiyi üçün kuboka kökləndik. İndi də çox şey itirilməyib. Məncə, hamı dərk edir. Çalışacağıq, uğursuzluq olmasın, qışa qədər maksimum xal toplayaq.
- Hazırda komandada əhval-ruhiyyə, psixoloji durum necədir?
- "Neftçi” ilə oyun stimul verdi. Komandamız 0:2 hesabı ilə geridə ikən birlik göstərdi, geridönüş etdik. Ab-hava yaxşıdır. Dörd gündür imtahanlardayıq, sabahdan komandaya qoşulacağıq. Hazırda hər şey qaydasındadır.
- Karyeranızı bitirmək üzrəsiniz, geriyə dönüb baxanda ən çox nəyə heyifsilənirsiniz? Hansısa arzunuz yarımçıq qaldı?
- Onu deyə bilərəm ki, Allah insana zəhmətinin bəhrəsini verir. Çəkdiyin əziyyətin qarşılığını görürsən. Çox çətinliklər oldu, amma toparlana bildim. Ona heyifsilənirəm ki, vaxtında legioner həyatı yaşamaq istəmədim və karyeramı Azərbaycanda davam etdirdim.
- Bir ara Türkiyədə "Dənizlispor”a getmişdiniz...
- Ondan əvvəlki dönəmləri nəzərdə tuturam. "Dənizlispor”a "Neftçi”dən getmişdim. Ona da heyifsilənmirəm. Bu karyeramın bir zənginliyidir ki, Azərbaycanı Türkiyədə də təmsil etdim. Məndən sonra nə qədər futbolçu Türkiyəyə üz tutdu.
- Başqa təkliflər vardı?
- Əlbəttə, "Dənizlispor”da oynayana qədər başqa klublardan da təkliflərim vardı. 2008, 2009-cu illərdə, "Neftçi”də, yığmada oynadığım dönəmlərdə təkliflərim olurdu. Amma buradakı həyat məni qane etdiyi üçün xaricə getmədim. Həm də artıq 25-26 yaşlarında idim. Həmin vaxtlarda isə pul qazanmaq, gələcək qurmaq kimi fikirlər var idi. 18 yaşım olsaydı, karyera qurmaq haqda düşünərdim. Adam heyifsilənir. Həm də futbolçu karyeramı bitirəcəyim üçün məyus oluram. Futbolçu karyerası çox az olur. Vaxt var idi, deyirdim ki, hələ 10 ildən sonra karyeramı bitirəcəm. Amma 10 il elə bil bir gündə keçdi.
- Sizin oynadığınız dönəmdəki futbolla indi gördüklərimizi müqayisə etsək, hansı qənaətə gəlmək mümkündür?
- İrəliləyiş yalnız bir komandanın – "Qarabağ”ın üzərindədir. O vaxt Premyer Liqada 8-9 komanda çempionluğa oynayırdı. Həm də bölgələrdə futbol, infrastruktur vardı. Futbolçular yetişirdi. Əlbəttə, əvvəl potensial daha çox idi. İndi futbolumuzdakı çatışmazlıqları "Qarabağ” ört-basdır edir. Premyer Liqada ən potensiallı komanda məhz "Qarabağ”dır. Çünki çempionat başlayanda bilinir ki, çempion olacaq. Düzdür, yalnız ötən il ikinci yeri tutdu. Buna qədər kim ardıcıl çempion olurdu? Sonuncu dəfə "Neftçi” ardıcıl 3 çempionluq yaşamışdı. Ondan sonra alınmadı. Həmin vaxtlarda çox komanda çempionluğa iddialı idi. Bununla yanaşı, indi bölgələrdə futbol yoxdur, azarkeş kütləsi də həmçinin.
- Bu mövsüm sabiq klubunuz "Neftçi”ni, yoxsa, "Qarabağ”ı çempion görürsünüz?
- Hələ ki, hər şey kağız üzərindədir. Heç nə həll olunmayıb. Amma düşünürəm ki, "Qarabağ” çempion olacaq. Oyunda da gördük ki, sabiq komandam əvvəlki kimi deyil. "Qarabağ”a 4:0 məğlub oldu.
- "Neftçi”nin bu vəziyyətdə olmasının səbəblərini necə izah etmək olar?
- Vallah, "Neftçi”də olmadığım üçün səbəblərini izah etməyim çətindir. Nəsə deməyim düzgün olmaz.
- Amma etiraf etmək lazımdır ki, keçənilki "Neftçi” deyil...
- Əlbəttə, keçənilki komanda deyil. Soruşa bilərsiz ki, "Neftçi” zəifləyib deyə "Qarabağ” udub?”. Xeyr, belə deyil. "Qarabağ” keçənilkindən daha yaxşıdır.
- Karyeranızın çox hissəsini həsr etdiyiniz millimizlə bağlı fikirlərinizi də öyrənmək maraqlı olardı...
- Cəmi 1 xal toplaması millinin çox zəif çıxış etdiyini göstərdi. Bu barədə heç danışmağa dəyməz. Əlbəttə, daha çox xal toplaya bilərdik. İrlandiya ilə səfər matçını 1:1 hesabı ilə bitirdik. Bu da tsikl ərzində bir dəfə oldu. Lüksemburqla sonuncu matçda futbolçumuz qırmızı vərəqə aldı. Düzdür, nə qədər "uduzdu” deyib üstlərinə getsək də, halal olsun ki, 67-ci dəqiqəyə qədər azlıqda "döyüşdülər”. Yəni komanda "sınmadı”, qol da vurduq. Təhlükəli vəziyyətlər yaratdıq. 10 nəfər qalsalar da, əllərindən gələnin maksimumunu etdilər. Əfsuslar olsun ki, daha çox xal toplaya bilmədik.
- Vaxtilə məğlub etdiyimiz Lüksemburqa yenilgini faciə saymaq olar?
- Səhv etmirəmsə, 2010-cu ildə onları məğlub etmişdik. Həmin matçda mən də oynayırdım. Həmin vaxtdan bəri inkişaf etdilər. Deməli, nələrisə düzgün etdilər ki, inkişaf oldu. Həm də belə baxanda Avropanın düz mərkəzindədirlər. Futbolçuları Avropa klublarında legioner həyatı yaşayır. Bizdə isə necə var, elə də qalıb. Düzdür, xaricdə oynayan futbolçularımız var, ancaq o dərəcədə deyil. Ümumilikdə mövqe baxımından yanaşsaq, bu tsikl üçün toplanan millimiz pis deyildi.
- Bəs nə çatmırdı?
- Vallah, bu suala baş məşqçi daha yaxşı cavab verə bilər. Əlbəttə, əskikliklər olur. Bəzi oyunlarda sırf məşqçinin yanlış qərarlarına görə məğlub olduq. Bunu təkcə mən yox, hamı deyir. Məşqçi işi maksimum dərəcədə, məsələn, Albaniyada olduğu kimi deyildi. De Byazi Albaniyanı Avropa çempionatına çıxardığı dönəmlərdəki işi burada görmədi.
- De Byazinin istefaya göndəriləcəyi gözlənilir. Sizcə, hazırkı durumda yığmada yerli, yoxsa əcnəbi baş məşqçi çalışmalıdır?
- Yəqin ki, müqaviləsi bitəndən sonra gedəcək. Məncə, əcnəbi gəlib bir xal toplayırsa, ondansa yerlilərə daha çox vaxt verib, yaxşı nəticə almaq olar. Çünki yerli futbolçuların hamısını tanıyırlar. Öz məşqçilərimiz xaricilərdən heç də geri qalmır, əksinə, daha yaxşıdırlar. Azərbaycanda millini çalışdıra biləcək keyfiyyətli məşqçilər çoxdur. Aralarından nəticə verə biləcək birini seçib ona güvənmək lazımdır.