Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında dördüncü turun görüşləri baş tutub.
Fanat.Az xəbər verir ki, üç oyundan maksimum nəticə ilə yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət Azərbaycan yığması yalnız əlavə göstəricilərə görə qabaqladığı Macarıstan kollektivi ilə münasibətləri aydınlaşdırıb.
Millimizin üzvlərindən Şəhriyar Məmmədyarov birinci, Teymur Rəcəbov ikinci lövhədə müvafiq olaraq Viktor Erdoş və Ferents Berkeşlə "sülh bağlayıblar". Sonuncu lövhədə Benjamin Qledura Qədir Hüseynov üzərində qələbə ilə macarları hesabda önə keçirsə də, Rauf Məmmədov sonda Tamaş Banuşu yenərək kollektivimizi məğlubiyyətdən xilas edib.
Qadın millimiz isə Almaniya ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə yenib.
İki və dördüncü lövhələrdə baş tutan Gülnar Məmmədova - Jozefin Heynemann və Gövhər Beydullayeva - Melani Lubbe duellərindən şahmatçılarımız qalib ayrılıb. Günay Məmmədzadə Eizabet Paetslə, Xanım Balacayeva isə Anna-Mari Kleklə heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 7-yə çatdıran kişilərdən ibarət millimiz zirvədəki yerini qoruyub. Eyni xala sahib Macarıstan və Rusiya 2-3-cü sıradadırlar.
Xanım zəkalarımız isə qələbə sayəsində iki pillə irəliləyişə nail olub. Onlar 6 xalla hazırda 4-cü yerdə qərarlaşıblar.
Qeyd edək ki, kişilərdən ibarət millimiz əvvəlki qarşılaşmalarda İtaliya, Serbiya və Almaniya kollektivlərini məğlub edib. Qadın komandamız isə ilk iki turda Türkiyə və İsveçi üstələyib, ardınca Gürcüstana uduzub.
Avropa çempionatı, IV tur
Kişilər
Macarıstan - Azərbaycan 2:2
Viktor Erdoş - Şəhriyar Məmmədyarov 0,5:0,5
Ferents Berkeş - Teymur Rəcəbov 0,5:0,5
Tamaş Banuş - Rauf Məmmədov 0:1
Benjamin Qledura - Qədir Hüseynov 1:0
Qadınlar
Almaniya - Azərbaycan 1:3
Elizabet Paets - Günay Məmmədzadə 0,5:0,5
Jozefin Heynemann - Gülnar Məmmədova 0:1
Anna-Mari Klek - Xanım Balacayeva 0,5:0,5
Melani Lubbe - Gövhər Beydullayeva 0:1