Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, bunadək 9 xal toplayan və liderdən bir xal geri qalaraq ikinci sırada qərarlaşan kişilərdən ibarət Azərbaycan millisi yalnız əlavə göstəricilərə görə üstələdiyi Niderlandla üz-üzə gəlib. Qarşılaşma komandamızın 2,5:1,5 üstünlüyü ilə başa çatıb.
Yeganə qələbəni Nicat Abbasov qazanıb. 26 yaşlı qrossmeysterimiz sonuncu lövhədə ağ fiqurlarla Erik Van den Doeli yenib.
Şəhriyar Məmmədyarov Aniş Giri ilə, Teymur Rəcəbov Yorden Van Forestlə, Qədir Hüseynov Maks Varmerdamla heç-heçəyə razılaşıb.
Birinci sırada olan Rusiya Ukraynaya yenildiyindən, komandamız yarış cədvəlində yenidən liderliyə yüksəlib. Bizimlə eyni sayda - 11 xala sahib ukraynalılar ikinci, Rusiya, İspaniya, Ermənistan, Polşa, Fransa və Serbiya 10 xalla 3-8-cidirlər.
Doqquz xalla üçüncü pillədə yer alan qadın seçməmiz isə itkisiz irəliləyən Rusiya kollektivi ilə qarşılaşıb və rəqibinə 1:3 uduzub.
İlk iki lövhədə baş tutan Günay Məmmədzadə - Aleksandra Qoryaçkina və Xanım Balacayeva - Katerina Laqno görüşləri "sülh"lə başa çatıb. Ülviyyə Fətəliyeva üçüncü, Gövhər Beydullayeva isə sonuncu lövhədə uyğun olaraq Valentina Qunina və Polina Şuvalovaya uduzublar.
Məğlubiyyət komandamızı altıncı pilləyə endirib. Rusiya birinci (14 xal), Gürcüstan ikinci (11), Ukrayna və Yunanıstan 10 xalla 3-4-cüdürlər.
Avropa çempionatı, VII tur
Kişilər
Niderland - Azərbaycan 1,5:2,5
Aniş Giri - Şəhriyar Məmmədyarov 0,5:0,5
Yorden Van Forest - Teymur Rəcəbov 0,5:0,5
Maks Varmerdam - Qədir Hüseynov 0,5:0,5
Erik Van den Doel - Nicat Abbasov 0:1
Qadınlar
Azərbaycan - Rusiya 1:3
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina 0,5:0,5
Xanım Balacayeva - Katerina Laqno 0,5:0,5
Ülviyyə Fətəliyeva - Valentina Qunina 0:1
Gövhər Beydullayeva - Polina Şuvalova 0:1